AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını əməliyyat göstəricilərində artım, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq nailiyyətlərlə yekunlaşdırıb.
Bizim.Media xəbər verir ki, yanvar–sentyabr aylarında aviaşirkət ümumilikdə 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib.
Onlardan 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Orta yüklənmə faktoru 79%, punktuallıq göstəricisi isə 81% təşkil edib. Bakı üzərindən transfer edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29% artaraq 419 min nəfərə çatıb.
Hesabat dövründə ən intensiv gün 15 avqust olub. Həmin gün rekord sayda - 72 reys həyata keçirilib. Dövrün yekunlarına əsasən, aviaşirkətin müntəzəm marşrut şəbəkəsi 55 istiqaməti əhatə edib.
Bakı–Naxçıvan–Bakı marşrutu üzrə doqquz ay ərzində təxminən 3,2 min reys həyata keçirilib və 650 minə yaxın sərnişinə xidmət göstərilib. Bu marşrut üzrə ən intensiv gün 15 iyun olub və həmin gün 25 reys icra edilib.
Cari ilin doqquz ayında Azərbaycan Hava Yolları marşrut şəbəkəsinin genişləndirərək Qars, Atırau və Aktöbə şəhərlərinə birbaşa uçuşlara başlayıb. Həmçinin Bakı-Brüssel-Bakı marşrutu üzrə uçuşlara aviabiletlərin satışı başlayıb.
Hesabat dövründə sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni rəqəmsal həllər də tətbiq olunub. Təyyarə göyərtəsində POS-terminallar vasitəsilə nağdsız ödəniş imkanı yaradılıb. Onlayn ödəniş seçimləri genişləndirilib “Uzum Bank” ilə əməkdaşlıq çərçivəsində “HUMO” və “UZCARD” kartları, həmçinin “Alipay” və “WeChat Pay” ödəniş sistemləri inteqrasiya edilib. Aviabiletlərin hissə-hissə ödənilməsi imkanı da təqdim olunub.
Sərnişinlərə “Stopover” xidmətini onlayn sifariş etmək imkanı yaradılıb, həmçinin “Rental Car” avtomobil icarəsi xidməti istifadəyə verilib. Bununla yanaşı, əlavə baqajın onlayn alınması imkanları genişləndirilib və reyslərin ləğvi kimi hallarda aviabiletlərin onlayn qaytarılması imkanı yaradılıb.
Bu dövr Azərbaycan Hava Yolları üçün beynəlxalq nailiyyətlərlə də əlamətdar olub. Aviaşirkət “Skytrax World Airline Awards 2026” çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb, “PAX International Readership Awards 2026” mükafatlarında isə MDB üzrə ən yaxşı uçuşdaxili əyləncə və bağlantı xidmətləri nominasiyasında qalib olub. Aviaşirkətin müsbət iş mühitinin yaradılması istiqamətində fəaliyyəti də “Great Place to Work®” sertifikatı ilə qiymətləndirilib.
Bu nailiyyətlər aviaşirkətin xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişin təcrübəsinin təkmilləşdirilməsi və müsbət korporativ iş mühitinin formalaşdırılması istiqamətində səylərini əks etdirir.
Azərbaycan Hava Yolları uçuş təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq marşrut şəbəkəsinin genişləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması və sərnişinlərə təqdim olunan xidmətlərin davamlı inkişafı istiqamətində fəaliyyətini davam etdirir.

Bizim.Media