“Şəfəq” GES və Səngəçal terminalının elektrikləşdirilməsi ilə bağlı müqavilələr imzalandı - FOTO/VİDEO

Bu gün bp, “SOCAR Green” və Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) birgə müəssisəsi olan “Shafag (Jabrayil) Solar Limited” (SJSL) şirkətinin səhmdarları “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi üçün yekun investisiya qərarını elan ediblər.

Bizim.Media xəbər verir ki, bu qərar Azərbaycanın Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisinin başlanmasına imkan verir.
 

Eyni zamanda, Səngəçal terminalının investorları – bp, SOCAR, TPAO, LUKOYL, Cənub Qaz Dəhlizi, NİKO, MOL, İNPEKS, “EksonMobil”, İTOÇU, “ONGC Videş”, “Eni”, MVM və “TotalEnergies” – bu gün Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqləyiblər.


Bu layihə terminalın “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək.

Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.

Bu iki layihə bir-biri ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, “Şəfəq” stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda “AzərEnerji”yə verəcək, “AzərEnerji” isə sonra eyni həcmdə elektrik enerjisini Bakı yaxınlığında yerləşən Səngəçal terminalına ötürəcək.

Hazırkı proqnozlara və planlara əsasən, “Şəfəq” və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 faiz azaldılmasına imkan yaradacaq.

Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

Hər iki layihə üzrə yekun investisiya qərarlarını dəstəkləmək məqsədilə bu gün bir sıra digər müqavilələr də imzalanıb.

- “Şəfəq” layihəsi üzrə - SJSL ilə “AzərEnerji” arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi və SJSL ilə “AzərEnerji” arasında şəbəkəyə qoşulma müqaviləsi.

- STEL layihəsi üzrə - “AzərEnerji” ilə Səngəçal terminalının operatoru qismində bp arasında mühəndislik, təchizat, tikinti və quraşdırma işləri üzrə müqavilələr paketi, elektrik enerjisinin təchizatı müqaviləsi, və istismar və texniki xidmət müqaviləsi.
 

Bundan əlavə, həm “Şəfəq”, həm də STEL layihələrini dəstəkləmək məqsədilə iki müqavilə — Səngəçal terminalının operatoru qismində bp, SJSL və “AzərEnerji” arasında balanslaşdırma sazişi, həmçinin “Səngəçal” terminalının operatoru qismində bp ilə SJSL arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi imzalanıb.


Bu gün Hər iki layihə üzrə yekun investisiya qərarının və əlaqədar müqavilələrin rəsmi imzalanması Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən tədbir zamanı baş tutub.

Energetika naziri Pərviz Şahbazov deyib:

“Azərbaycan Prezidenti İlham Əliyevin yaşıl enerjidən istifadəni təşviq edən siyasəti çərçivəsində “Şəfəq” GES və Səngəçal terminalının elektrikləşdirilməsi layihələri üzrə mühüm mərhələnin tamamlanması ilə ölkəmizin bp ilə strateji enerji tərəfdaşlığında yeni bir səhifə açılır.

240 MVt gücündə günəş stansiyasının “yaşıl enerji zonası” ərazisində inşası və dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçalın elektrikləşdirilməsi kimi önəmli elementləri birləşdirən bu layihə, enerji təhlükəsizliyi və emissiyaların azaldılması istiqamətində ortaq, mütərəqqi yanaşmamızın bariz nümunəsidir.

Ölkəmizin neft-qaz sektorunda ən böyük investoru olan bp-nin yaşıl enerji sahəsinə doğru sərmayələrini genişləndirməsi tərəfdaşlığımızın uzunmüddətli strateji təməlini daha da möhkəmləndirir. Biz bp ilə birgə təkcə etibarlı enerji təchizatını deyil, həm də dayanıqlı və aşağıkarbonlu gələcəyin əsasını formalaşdırırıq”.

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev deyib:

“Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatələnən Azərbaycan energetikasında tez-tez əlamətdar hadisələrin baş verməsi artıq ənənə halına çevrilib. bp kimi dünya miqyaslı bir şirkətlə “Şəfəq” Günəş Elektrik Stansiyası və Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi də bunlardan növbətisidir. Bu layihə ilk növbədə enerji təhlükəsizliyi, enerji effektivliyinə böyük dəstək verməklə yanaşı, yaşıl enerjinin əhatələnməsinə xidmət edir.

Eyni zamanda, bu layihə regionda enerji təhlükəsizliyinə nail olan Azərbaycan üçün əlavə əməkdaşlıq üfüqləri açır. Bu layihə enerjinin istehsalı və ötürülməsi sahəsinə öz töhfəsini verməklə yanaşı, karbon emissiyasının azaldılmasına da böyük dəstək olacaq”.

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel deyib:
 

“Bu gün qəbul edilən qərarlar həm Azərbaycanla əməkdaşlığımızda, həm də regiondakı biznes fəaliyyətimizdə yeni bir mərhələnin başlanğıcını qoyur. “Şəfəq” layihəsi ölkədə günəş enerjisi hasilatına qoyduğumuz ilk investisiya olmaqla, enerji sahəsindəki uğurlu əməkdaşlığımıza yeni bir istiqamət əlavə edir.


Bu iki layihəni birləşdirən yeni innovativ yanaşma bizi sevindirir, çünki onun vasitəsilə Azərbaycanda idarə etdiyimiz ən böyük obyekt olan terminalın əməliyyatlarlarından yaranan emissiyaları azalda biləcəyik. Azərbaycanla əsasən neft və qaz sahəsini əhatə edən uzunmüddətli tərəfdaşlığımızda bu yeni mərhələni alqışlayırıq və əminik ki, bu, regionda dayanıqlı enerji sahəsində növbəti təşəbbüslərin həyata keçirilməsinə yol açmağa kömək edəcək”.

Təxminən 200 milyon dollar dəyərində olan “Şəfəq” Günəş Elektrik Stansiyasının tikinti işlərinə bu il başlanacağı və bu işlərin əsasən yerli resurslardan istifadə olunmaqla 2027-ci ilin ortalarınadək davam edəcəyi gözlənilir. Tikinti işlərinin pik dövründə 400-ə qədər yeni iş yerinin yaradılacağı gözlənilir. “Şəfəq” layihəsi bütövlükdə bp şirkətinə məxsus olan “Lightsource bp” tərəfindən həyata keçiriləcək və idarə olunacaq.

SJSL şirkətindəki iştirak payları belədir: bp 50,01 faiz, “SOCAR Green” 39,99 faiz və ABİF 10 faiz.

230 milyon dollar dəyərində olan STEL layihəsi Səngəçal terminalının operatoru olan bp tərəfindən həyata keçiriləcək və idarə olunacaq. STEL layihəsi üzrə tikinti işlərinə bu il başlanması planlaşdırılır və bu işlərin iki mərhələdə başa çatacağı nəzərdə tutulur - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələ isə 2028-ci ilin sonunadək.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

DÇ-2026: İngiltərə millisi 1/8 finalda

DÇ-2026: İngiltərə millisi 1/8 finalda

Lyayendən Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX

Lyayendən Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX

İqbal Ağazadənin adı ilə Ləman Ələşrəfqızını aldatdılar - Jurnalist 600 manatından oldu

İqbal Ağazadənin adı ilə Ləman Ələşrəfqızını aldatdılar - Jurnalist 600 manatından oldu

Avropa Cənubi Qafqaza 200 milyon avroyadək investisiya yatıracaq

Avropa Cənubi Qafqaza 200 milyon avroyadək investisiya yatıracaq

Şəkidə 6 otaqlı fərdi ev YANDI - VİDEO

Şəkidə 6 otaqlı fərdi ev YANDI - VİDEO

Livan Prezidenti: “İsraillə razılaşma sülh sazişi deyil”

Livan Prezidenti: “İsraillə razılaşma sülh sazişi deyil”

Afrika ölkəsində təbii fəlakət 59 can aldı

Afrika ölkəsində təbii fəlakət 59 can aldı

Qazaxıstan Rusiyaya benzin GÖNDƏRƏCƏK

Qazaxıstan Rusiyaya benzin GÖNDƏRƏCƏK

Bakının bu ərazilərində ev almağa tələsin: Qiymətlər arta bilər

Bakının bu ərazilərində ev almağa tələsin: Qiymətlər arta bilər

Cüdoçularımız Avropa çempionatında 10 medal QAZANDI - FOTO

Cüdoçularımız Avropa çempionatında 10 medal QAZANDI - FOTO

İqbal Ağazadənin başına iş gəldi: “Adımdan pul istəyirlər”

İqbal Ağazadənin başına iş gəldi: “Adımdan pul istəyirlər”

Sumqayıtda evdən cansız bədən TAPILDI

Sumqayıtda evdən cansız bədən TAPILDI

Pezeşkian əzadarlıq mərasimində iştirak etdi - VİDEO

Pezeşkian əzadarlıq mərasimində iştirak etdi - VİDEO

“Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı

“Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı

Dünya tarixini dəyişən bacının ruhi dispanserdə ölən qardaşı...

Dünya tarixini dəyişən bacının ruhi dispanserdə ölən qardaşı...

Azərbaycan nadir ölkələrdəndir ki... - Lyayen

Azərbaycan nadir ölkələrdəndir ki... - Lyayen

Ukraynada həlak olan Fatimənin əmisindən ürəkdağlayan sözlər - VİDEO

Ukraynada həlak olan Fatimənin əmisindən ürəkdağlayan sözlər - VİDEO

"Azərbaycan-Aİ tərəfdaşlığı: Üfüqləri aşan baxış" - FOTO

"Azərbaycan-Aİ tərəfdaşlığı: Üfüqləri aşan baxış" - FOTO

Bakıda temperatur 40 dərəcəyə çatıb – İyun ayının STATİSTİKASI

Bakıda temperatur 40 dərəcəyə çatıb – İyun ayının STATİSTİKASI

End of content

No more pages to load

RADİO