FİFA bu gün 2027-ci ildə 20 yaşadək oğlanlar arasında keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi brendini təqdim edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı AFFA-nın saytında məlumat verilib.
Qeyd edilib ki, brend Azərbaycan və Özbəkistanda keçiriləcək turnirdə yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir. “Bu oyun sənlikdir” rəsmi şüarı gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanıb.
Bu şüar FIFA U-20 dünya çempionatının ruhunu əks etdirir və böyük uğurlara imza atmaq, yeni əlaqələr qurmaq, futbolun gələcəyinin formalaşmasına töhfə vermək imkanlarını önə çıxarır.
Turnirin Azərbaycan və Özbəkistanın mədəni irsindən bəhrələnən vizual konsepsiyası yerli kaşı və mozaikalardan ilham alır. Ənənəvi elementlər gənc nəslin zövqünə uyğun müasir naxışlar, rənglər və rəng keçidləri ilə yenidən təqdim olunur.
Rəsmi emblemdə gənc oyunçuların futbolun gələcəyini formalaşdırmaq potensialını göstərən, özünəməxsus dizayna malik, “SƏN” mənasını verən “U” hərfi yer alır. Bu dizayn futbolçuların və azarkeşlərin turnirin mərkəzində olduqlarını vurğulayır. Emblemdəki “U20” elementlərinin forması isə çempionatın rəsmi vizual üslubunun bütün materiallarında istifadə olunan dinamik naxışı əks etdirir.
Dinamik rəng keçidləri ilə zənginləşdirilmiş firuzəyi, yaşıl, bənövşəyi və qırmızı rənglərdəki parlaq palitra vizual konsepsiyanı tamamlayır və turnirə ev sahibliyi edəcək iki ölkəni vahid brend ətrafında birləşdirir.
Bizim.Media