“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın hücumçusu Kilian Mbappe ilə bağlı tənqidlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, portuqaliyalı mütəxəssis sol dizindən zədələnən fransalı futbolçunun vəziyyətinin tibbi mütəxəssislər tərəfindən yoxlanıldığını və müayinələrin nəticələrinin üst-üstə düşdüyünü deyib.
“Mbappe zədədən sonra qayıtdı, müayinədən keçirildi və diaqnoz qoyuldu. O, həmçinin kənar mütəxəssisə müraciət etdi. Çünki dizindəki problemlərin tarixçəsini nəzərə almamaq olmaz. Diaqnozlar tamamilə üst-üstə düşdü. Bərpa planı var və onun təfərrüatlarını bilməyinizə ehtiyac yoxdur.
Bundan sonra isə problem axtarışı başlayır. Son həftələr futbolda yaşanan real problemlər kifayət etmədi ki, insanlar tənqid üçün yeni bəhanələr axtarmasınlar? Əvvəlcə onun gecə əyləncəsində iştirak etdiyi iddia edildi. Halbuki bu, Paris Moda Həftəsi çərçivəsində keçirilən özəl tədbir idi.
Daha sonra İsveçrədə velosiped sürməsi müzakirə olundu. Söhbət kiçik kotteclərdən ibarət oteldən gedirdi və velosipedlər ərazidə hərəkət etmək üçün nəzərdə tutulmuşdu. Amma hadisəni elə təqdim etdilər ki, sanki o, İsveçrə veloturunda iştirak edirdi”, - deyə Mourinyo bildirib.
Qeyd edək ki, Mbappe Fransa millisinin düşərgəsində sol dizindən zədələnib. Hazırda hücumçu bərpa prosesi keçir. Onun vəziyyəti tibbi heyətin nəzarətindədir.
Bizim.Media