Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, 9 ünvanında aparılan abadlıq işlərinin artıq altı aydır yarımçıq qaldığı bildirilir.
Bizim.Media "Xəzər" TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, altı binanın ümumi həyətində yerləşən oturacaqlar və söhbətgahlar sökülüb, asfalt örtüyü isə təmir adı ilə dağıdılıb. Onlara həyətin üç ay ərzində abadlaşdırılacağı vədi verilsə də, indiyədək nə işlər başa çatdırılıb, nə də əraziyə yığılmış köhnə tikinti materialları götürülüb.
Sakinlərin şikayətlərinə aydınlıq gətirmək məqsədilə 104 saylı Mənzil-Kommunal İstismar Sahəsinə müraciət edilib. Lakin bildirilib ki, qurumun rəisi həmin vaxt iclasda olub.
Suraxanı Rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov isə telefon danışığında qeyd edib ki, Hafiz Quliyev küçəsində aparılan abadlıq işlərinin üç ay ərzində yekunlaşdırılması planlaşdırılır.
Onun sözlərinə görə, altı binanın giriş-çıxışını əhatə edən ərazidə yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi səbəbindən təmir işlərində gecikmələr yaranıb.
Bizim.Media