Qardaş Türkiyədə keçirilən son parlament seçkiləri ölkənin ictimai-siyasi həyatında yeni bir mərhələnin başlanmasından xəbər verir.
Yeni koalision hökumətin formalaşmasına göstərilən təşəbbüslər hələ bir nəticə verməsə də, sabitliyə xidmət edən bütün cəhdləri dəyərləndirmək lazımdır.
Bunu Gün.Az-a açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Tahir Rzayev Türkiyənin “ana müxalifət”x9d partiyası sayılan Cümhuriyyət Xalq Partiyasının (CXP) baş katibi, millət vəkili Gürsəl Təkininin bu ölkədə təkbaşına yeni hökumətin formalaşdırılması üçün hakim partiyanın - AKP-nin digər partiyalardan olan 18 millət vəkilini pulla ələ almaq istəməsi və bunun üçün gərəkən maliyyə vəsaitinin Azərbaycan və Qətərdə hazır olması haqqında iddialarına münasibətini bildirərkən dilə gətirib.
T.Rzayevin dediyinə görə, çünki yeni hökumətin tez və qarşıdurmasız təşkil olunması türk xalqının xeyrinədir və bu, hər bir azərbaycanlının da ürəyindəndir.
“Təəssüflər olsun ki, Türkiyənin özündə vəziyyətdən sui-istifadə edənlər, aranı qarışdırmağa və Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə çalışan qüvvələr də var. Məsələn, Cümhuriyyət Xalq Partiyasının təmsilçisinin yenidən təkbaşına hökumətin formalaşdırılması üçün hakim partiyanın digər partiyalardan olan 18 millət vəkilini pulla ələ almağa çalışması və bunun üçün lazım olan maliyyə vəsaitinin bir hissəsinin Azərbaycan tərəfindən ödənilməsi barədə qərəzli fikirləri buna nümunədir və əlbəttə ki, bu fikirlərin heç bir əsası yoxdur.
Azərbaycan Türkiyəni özünə doğma və qardaş hesab edir. Türk xalqını sevdiyi qədər də onun seçiminə hörmətlə yanaşır və heç vaxt qardaş respublikanın daxili işlərinə qarışmaq fikrində olmayıb.
Dövlətimiz, xalqımız Türkiyə Respublikasında baş verən hər bir ictimai-siyasi hadisəni diqqətlə izləməklə həmişə qardaşlarımızın xoş günlərinin şahidi olmaq və bu dövləti qüdrətli, əzmkar, nüfuzlu və xoşbəxt görmək arzusundadır.
Bu arzu bizim can, qan və din birliyimizdən irəli gəlir və daimidir. Başqa cür də ola bilməz. Ona görə də Azərbaycan-Türkiyə qardaşlığına qarayaxmaq istəyənlərin cəhdləri əbəsdir və bu cəhdlər hər iki xalqın nümayəndələri tərəfindən nifrətlə qarşılanıb rədd edilir"-deyə, T. Rzayev daha sonra sözlərinə əlavə edib