Qusar Rayon İcra Hakimiyyəti başçısının yerlərdə vətəndaşların səyyar qəbulları davam etdirilir. Növbəti səyyar qəbul avqustun 19-da rayonun Balaqusar kəndində baş tutmuşdur. Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin, xidmət sahələrinin rəhbərləri, məsul şəxsləri və kənd sakinləri iştirak etmişdir.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəbulda sakinlər kəndin yol infrastrukturu ilə bağlı problemləri dilə gətiriblər.
Bildirilib ki, Həsənqala və Balaqusar kəndləri arasında olan 1 km uzunluğunda yolun asfaltlanmasına ehtiyac var.
Sakinlər bildiriblər ki, bu yolda asfalt örtüyünün olmaması səbəbindən bu ərazidən sərnişin marşrutları keçmir. Nəticədə sakinlər əsas yola qədər piyada getməli olurlar.
İstismara yararsız elektrik xəttləri və dirəklərinin dəyişdirilməsi, sakinlər tərəfindən içməli su kimi istifadə olunan artezian suyunun tərkibinin yoxlanılması, torpaq sahəsi ilə təminat, Qusarçay çayının kənarında tikilmiş bəndin uzadılması, Balaqusar kənd Folklor Evinin istilik sistemi ilə təminatı kimi məsələlər də sakinlərin müraciətləri sırasında yer alıb.
Kənddə fəaliyyət göstərən bağçada kiçik yaş qrupunun fəaliyyətinin bərpa olunmasını xahiş edən sakinlərin sözlərinə görə bağçada kiçik yaş qrupu uşaq sayının az olması səbəb göstərilərək bağlanıb. Nəticədə bir çox ailə övladlarını məktəbəqədər müəssisəyə yerləşdirə bilmir.
Vətəndaşların qaldırdıqları bütün müraciətlər dinlənilib, onlara müvafiq izahatlar verilib.
Rayon icra hakimiyyətinin başçısı qaldırılan məsələlərin mərhələli şəkildə araşdırılaraq həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu