İqtisadçı ekspert, Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu gələn ilin aprelində narazıların Demokratik Müsavat Partiyası yaradacaqlarını bəyan edən İsa Qəmbərin qardaşı Rövşən Qəmbərin fikirlərinə Moderator.az-a açıqlamasında aydınlıq gətirib:
"Mən də sizin kimi bu məlumatı mətbuatdan almışam. Mənim siyasi fəaliyyətim yalnız Müsavat Partiyası ilə bağlı olub və bundan sonrakı dövrdə partiyanı tərk etmək üçün ciddi əsaslar görmürəm. Odur ki, başqa partiyada fəaliyyətimi davam etdirmək niyyətində deyiləm. Müsavatda qalmaq və son müşavirədə təqdim etdiyim yaxın dövr üçün barışıq naminə "Təkliflər və eləcə də Müsavat Partiyasının işinin yenidən qurulması, gücləndirilməsi ilə bağlı Tövsiyələr Paketi"nin reallaşması istiqamətində çalışmaq niyyətindəyəm. Tərəfdarlarıma bir daha müraciət edərək onların partiyada qalıb yoluna davam etməyə çağırıram.
Eyni zamanda bəyan edirəm ki, idarəetmə səviyyəsindən asılı olmayaraq Müsavat Partiyasında nizamnamədən kənar qəbul edilən heç bir qərarla barışmayacam və pozulan hüquqların bərpası üçün daim mübarizə aparacam. Müsavatın yeniləşməsi üçün çalışacam. Hesab edirəm ki, Müsavat yeniləşməzsə, bu hakimiyyət də dəyişməyəcək. Odur ki, Müsavat Partiyasının sivil, şəffaf və demokratik partiayaya çevrilməsi üçün töhfələrimi əsirgəməyəcəm. Bu transormasiya dövründə əsas diqqətimi partiyadaxili demokratiyanın inkişafına yönəldəcəm."