Bu gün Strasburqda İnsan Hüquqlarının Sənədləşməsinə dair Avropa Koordinasiya Komitəsinin (ECCHRD) 35-ci toplantısı öz işinə başlayıb. Tədbirin məqsədi insan hüquqları ilə məşgul olan təşkilat və institutları bir araya gətirməkdir.
Konfransda beynəlxalq təşkilatların təmsilçiləri, Avropa Şurasının, Avropa İnsan Haqları Məhkəməsinin nümayəndələri, eləcə də müxtəlif ölkələrdə insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən hüquq müdafiəçiləri iştirak edir.
Adı çəkilən qurum toplantıda iştirak etmək üçün Azərbaycandan "Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, keçmiş vicdan məhbusu Oqtay Gülalıyevi də dəvət edib. Amma Gülalıyevin həmin tədbirdə iştirakı mümkün olmayıb. Belə ki, haqqında 2012- ci ilin aprel ayında cinayət məcəlləsinin 220.2- ci maddəsi ilə açılan qondarma cinayət işi olduğunu əsas gətirən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi ona xarici passport verməkdən imtina edib.
Xatırladaq ki, O. Gülalıyev Sabirabad rayon məhkəməsinin 13 iyun 2012- ci il qərarı ilə polis nəzarəti altında olmaqla ev dustaqlığındadır. Onun ölkədən çıxışı yasaq olduğu üçün xaricə buraxılmadığına görə bu yaxınlarda Bakıda özəl klinikaların birində əməliyyat olunub.
Beynəlxalq konfransda iştirak etmək üçün pasport almaq və ölkədən çıxmaq üçün hüquq müdafiəçisinin DIN- ə müraciəti də nəticəsiz qalıb.