Moderator.az
azadlıq.info-ya istinadən bildirir ki, aprelin 4-də Yasamal rayon məhkəməsində
hakim Sərdar Mehrəliyevin sədrliyi ilə Milli Şuranın komissiya sədri Gültəkin
Hacıbəyliyə qarşı hakimiyyətin siyasi sifarişi əsasında Mahmud Mehdiyev və
onun bacısı Aynur Mehdiyeva tərəfindən Cinayət Məcəlləsinin 147.1 və
147.2-ci maddələri ilə irəli sürülmüş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə
prosesi davam edib. Məhkəmədə G.Hacıbəyli, onun vəkilləri Elçin Sadıqov,
Muxtar Mustafayev, Bəhruz Bayramov, xüsusi ittihamçı A.Mehdiyeva və onun nümayəndəsi
iştirak ediblər.
Öncə G.Hacıbəyli ötən məhkəmə prosesində verilən vəsatətə
münasibət bildirməyi hakimdən xahiş edib. Vəsatət Aynur Mehdiyevanın 29 yanvar
tarixli məhkəmə iclasında G.Hacıbəylini təhdid etməsi və hədələməsinə görə
cinayət məsuliyyətə cəlb edilməsi barədə Baş Prokurorluğa müraciət haqqında
idi. O zaman G.Hacıbəyli A. Mehdiyevanın nəinki özünün, eləcə də 12 yaşlı qızının
filippinli dayə Llanta Fe Diaza işgəncə verdiyini bildirəndə A.Mehdiyeva onu böhtan
atmaqda günahlandırmışdı. G.Hacıbəyli bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsində
hakim İradə Həsənzadənin sədrliyi ilə Cinayət Məcəlləsinin 144.1.2.8 və
144.2.1-ci maddələri ilə cinayət törətməkdə ittiham olunan Aynur Mehdiyevanın məhkəmə
prosesi başlayıb: “Aynur Mehdiyevanın işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində
keçirilən 31 mart tarixli məhkəmə iclasında dövlət ittihamçısı Fariz Rzayev və
Mehdiyevanın vəkili Namiq Abbasquliyev Aynur Mehdiyevanın qızı barəsində
dayəyə qarşı işgəncə faktlarına görə cinayət işi başlandığını, lakin qızın azyaşlı
olduğu üçün işə xitam verildiyini təsdiq etdilər. Beləliklə də Aynur
Mehdiyevanın növbəti yalanı da ifşa olundu.”. Vəkil Muxtar Mustafayev qızla bağlı
qərardan şikayət verilib-verilmədiyini soruşduqda, şikayətin verilmədiyi bəlli
oldu.
Daha sonra G.Hacıbəyli vəsatət verərək A.Mehdiyevanın
fevralın 7-də keçirilən prosesdə yalan ifadə verdiyi üçün cinayət məsuliyyətinə
cəlb edilməli olduğunu bildirdi: “O, zərərçəkən kimi verdiyi ifadəsində
heç vaxt heç bir orqan tərəfindən təqsirləndirilən və ya şübhəli şəxs qismində
cəlb edilmədiyini bildirmişdi. Məhkəmənin diqqətinə təqdim etdiyimiz Mehdiyeva
Aynur Lətif qızının Azərbaycan Respublikası CM-in 144.1.2.8 və 144.2.1-ci maddələri
ilə təqsirləndirilməsinə dair 131900204 saylı cinayət işi üzrə 12 fevral
tarixli ittiham aktında deyilir: "İstintaq zamanı 24 yanvar 2014-cü il
tarixdə Mehdiyeva Aynur Lətif qızı Azərbaycan Respublikası CM-in 144.1.2.8 və
144.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin
maddələrdə nəzərdə tutulan ittiham elan olunaraq həmin tarixdə barəsində başqa
yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir". Bu ittiham
aktı Aynur Mehdiyevanın fevralın 7-də məhkəmədə yalan ifadə verdiyini birmənalı
şəkildə təsdiq edir. Aynur Mehdiyevanın mənə qarşı xüsusi ittiham qaydasında şikayəti
də yalnız bu yalan üzərində qurulub. Bilavasitə işin mahiyyəti ilə bağlı olan
bu yalana görə Aynur Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin 297.1-ci maddəsi
ilə cinayət işinin başlanılması üçün Baş prokurorluğa müraciət etməyinizi xahiş
edirəm”.
A.Mehdiyevanın nümayəndəsi isə vəsatətin əsassız
olduğunu, A. Mehdiyevanın 12 fevral tarixində ittiham edildiyini bildirsə də,
G.Hacıbəyli ittiham aktının surətini nümayiş etdirərək nümayəndənin yalanını
ifşa etdi. O, bildirdi ki, ittiham aktına görə Aynur Mehdiyevaya 12 fevralda
deyil, məhz 24 yanvar tarixində ittiham elan olunub, təqsirləndirilən şəsx kimi
cəlb edilib, başqa yerə getməmək barədə iltizama imza atıb və iki həftə
sonra məhkəmədə heç vaxt təqsirləndirilmədiyi barədə yalan ifadə
verib. Sonra G.Hacıbəyli hakimə müraciət edərək dedi: "Siz məhkəmədə bu qədər
yalanlar danışan, yalan ifadə verən və buna görə cinayət məsuliyyəti daşıyan,
eləcə də dövlət tərəfindən ağır cinayətlərdə ittiham olunan adamların saxta və
gülünc şikayəti əsasında yeddi aydır ki, qanunsuz icraat aparırsınız. Bütün bu
rüsvayçılıqlardan sonra siz bu insanların hansı "şərəf və ləyaqətini"
qoruyursunuz?".
G.Hacıbəyli qeyd etdi ki, sentyabrın 5-də mətbuata verdiyi müsahibəsindən bir
neçə ay öncə Aynur Mehdiyevanın saxlanılması barədə məlumatı Daxili İşlər
Nazirliyinin Mətbuat xidmətinə istinadən onlarla KİV yayıb. “Yüz KİV bu
haqda yazanda bu Aynur Mehdiyevanın şərəf və ləyaqətinə toxunmur, yüzbirinci dəfə
mən bu faktı xatırladanda, bu Azərbaycan dövləti tərəfindən şəxsiyyətin
azadlığı və ləyaqəti əleyhinə ən ağır cinayətlərdə ittiham olunan Aynur
Mehdiyevanın "ləkəsiz" şərəf və ləyaqətini darmadağın edir? Bəs
Mehdiyeva məndən öncə bu xəbəri yayan onlarla media quruluşuna, DİN-ə qarşı niyə
dava açmır?”, - deyə Gültəkin Hacıbəyli sual etdi. A.Mehdiyevanın cavabı heyrətləndirici
oldu: “Kefim belə istəyir, özüm bilərəm”. Vəkil Muxtar Mustafayev Aynur
Mehdiyevaya qanunların onun kefinə görə qəbul və tətbiq edilmədiyini xatırlatdı.
G.Hacıbəyli isə Azərbaycan Konstitusiyası və qanunvericiliyində, xüsusilə də,
KİV haqqında qanunda Aynur Mehdiyevanın kefi və istəklərinə görə istisnaların hələlik
nəzərdə tutulmadığını bildirdi.
Vəkil M.Mustafayev hakimə müraciət edərək dedi:
"Saxlandı sözünə görə, özü də KİV-lərə və DİN-ə istinadən deyildiyi halda,
şəxsə qarşı cinayət işi açmaq olmaz, şəxsi ağır cinayət törətmək ittihamı ilə təqsirləndirmək
olmaz. Yol polisi də sürücüləri saxlayır. Bu əsasla şəxs barəsində nəinki cinayət,
heç mülki icraata da başladılmır, iddia birmənalı qaydada rədd edilir. Bu əsassız
və qanunsuz icraatdır”.
Sonra Gültəkin Hacıbəyli artıq ifşa olunmuş yalanlar üzərində
qurulan əsassız və qanunsuz icraata xitam verilməsi haqqında vəsatətini təqdim
etməyə başladı. İş günü bitdiyi üçün, hakim prosesi aprelin 11-nə, saat 16:00-a
təxirə saldı.
8 ildən 12 ilədək həbslə cəzalandırılan ağır cinayət törətməkdə ittiham olunan
Aynur Mehdiyevanın məhkəmədəki davranışı heç şübhəsiz ki, onun Gültəkin Hacıbəyliyə
qarşı siyasi sifariş icra etməsindən irəli gəlir. Görünür, Aynur Mehdiyeva
ittiham edildiyi ağır cinayətlərə görə bugünədək həbs olunmaması və gələcəkdə də
həbslə bağlı olmayan daha yüngül cəza alması müqabilində üzərinə Gültəkin xanıma
qarşı saxta və əsassız ittihamı və müvafiq hərəkətlərini davam etdirmək öhdəliyini
götürüb. Çünki, Bakı Ağır Cinayətlər Məhkəməsində insan alveri və məcburi əmək
kimi ağır cinayətlərdə ittiham olunan şəxsin Yasamal rayon məhkəməsində belə
davranışlara yol verməsinin, cinayət məsuliyyəti daşıdığını bilə-bilə yalan
ifadələr verməsinin, tərəfi açıq şəkildə hədələməsinin və məhkəmənin onu cəzalandırmaq
əvəzinə bu cinayətlərə göz yummasının başqa izahı yoxdur.