Milli Qvardiyanın komandiri olmuş polkovnik Əzizağa Süleymanov 90-cı illlərin əvvəllərində ölkənin siyasi və hərbi aləmində baş vermiş bir sıra maraqlı olayların birbaşa iştirakçısı kimi bir müddətdir ki, saytımıza ilginc materiallar göndərir. Polkovnik indi də 93-cü ilin aprelin əvvəllərində Füzuli istiqamətində baş verən döyüşlər barədə xatirələrini Moderator.az vasitəsilə oxuculara təqdim edir. Çoxlarımızın bilmədiyi şok məqamlar və rüsvayçı epizodlarla zəngin bu materialın hər kəs üçün maraqlı olacağına şübhəmiz yoxdur”¦
(əvvəlini axtarış verməklə xəbər lentlərimizdən oxuya bilərsiniz)...Qvardiyaçılar qədim Alban kilsəsini yoxlayan zaman oradan 6 ədəd xaricdə istehsal olunan, ermənilərə məxsus gecə görmə cihazı tapmışdılar. Gecə görmə cihazlarının hamısı təzə idi. Səngərlərdən isə bir neçə yeşik avtomat potronları və iki ədəd qumbaraatan, onun mərmiləri, iki ədəd piyada əlehinə içi dolu qumbara yeşiyi, iki ədəd pulemyot və bir ədəd avtomat silahı tapmışdılar.
Komandirlər və tibb xidmət leytenantı Hüseynov Mirsadıq məlumat verdilər kı, qvardiyaçılar arasında döyüş vaxtı xoşbəxtlikdən ölən və yaralanan yoxdur. Artıq saat 14.30 idi. Məngələnata dağı yüksəkliyində Milli Qvardiya döyüşçülərinin sərbəst cəm şəkildə gəzdiyini hiss edən erməni komandirləri bizim artilleriyaçılarmızın güclü zərbələrindən qorxub gizlənən erməni tankçılarına bizi atəşə tutmaları barədə göstəriş verdilər. Erməni tankçıları gizləndikləri təpənin arxasından çıxıb bizi atəşə tutdular. Biz tutduğumuz mövqeyə ikinci artilleriya zərbəsini eyni bir vaxtda meşədən endirdilər. Bu hadisələr ANS telekanalının rəhbərlərində biri olan Mirşahin Ağayev və videooperator Şakir Eminbəylinin gözləri önündə baş verdi. Bu zaman vaxtında verdiyim əmrə əsasən qvardiyaçiların səngərlərdə möhkəmlənməsi ermənilər tərəfindən ehtimal olunan çox ağır canlı insan tələfatının qarşısını aldı. Lakin itkisiz də ötüşmədik. Erməni tanklarından atılan top mərmisinin partlayışı nəticəsində milli qvardiya döyüşçüləri ilə birlikdə döyüşdə misilsiz qəhrəmanlıq göstərən, milli qvardiyaçılara bələdçilik edən milli ordunun Füzuli rayonundakı Qarğabazar kəndində yerləşən taborunun döyüşçüsü Hüseynov Vidadi qarın və ayaq nahiyəsindən ağır qəlpə yarası aldı. Onu təcili olaraq Milli Qvardiyanın tibb maşını ilə Füzulidəki hospitala göndərdim. Operator Şakir həmin hadisəni video ilə çəkmişdi.Yəqin ki, tarixçilər gələcəkdə bu döyüşə baxıb, araşdıracaqlar və bu döyüşdə iştirak edən hər bir kəsə öz layiqli qiymətlərini verəcəklər. Hüseynov Vidadini həkimlər nə qədər çalışsalar da həyata qaytara bilmədilər.Üç gündən sonra o dünyasını dəyişdi.
Ermənilərin çoxsaylı artilleriya zərbələrinə, hücum cəhdlərinə baxmayaraq biz tutduğumuz mövqedə daha da möhkəmləndik. Kapitan Vəliməmmədova şəxsi heyyəti təcili ərzaqla təmin etməsi barədə göstəriş verdim. Briqada komandiri Həmid Muradov mənimlə əlaqəyə çıxaraq bizi bir də təbrik edib, məni qərargaha çağırdı. Komandirlərə bir-bir göstəriş verib, dalımca döyüş mövqeyinə xidməti maşınımla gələn sürücüm qvardiyaçı Əliyev Ramil Fərrux oğlu ilə Briqada qərargahına getdim. Qərargahda məni briqada komandiri Füzuli rayonunun icra başçısı Nofəl Kərimovla birlikdə qarşıladı. Döyüş haqqında ona qısa məlumat verib vəziyyəti izah etdim. O mənə bildirdi ki, səni dövlət rəhbərləri görmək istəyir. Lakin yaranmış vəziyyət mənim onlarla görüşməyimə imkan vermədi. ANS telekanalının müxbirləri başda Mirşahin Ağayev olmaqla Milli Məclisin sədri İsa Qəmbərdən müsahibə götürürdülər. İsa Qəmbərin qəbulunda da çox adam var idi. Burada olan zaman mənə məlumat verildi ki, bizə Bakıdan 23 nəfər qvardiyaçı əlavə olaraq köməyə göndərilib. Mən kapitan Vəliməmmədova onları yerləşdirmək üçün göstəriş verdim. Füzuli şəhər əhalisinin simasında müəyyən rahatlıq hiss olunurdu. İcra hakimiyyəti binasının qarşısına toplaşan adamlar bu günki döyüşdən danışır, mənı tanımasalar da Milli Qvardiyaçıların bu günkü döyüş şücaətindən qürur hissi keçirdiklərinı bildirirdilər.Hətta bəziləri bu döyüşçülərin Türkiyə ordusunün xüsusi təyinatlı dəstəsinin üzvlərı olduğunu deyir, bunu onların geyimləri ilə əsaslandırırdılar. Onların söhbətlərini eşıdən Füzulinin icra hakimiyyəti başçısı Nofəl Kərimov gülərək onlara üz tutub dedi ki, düz deyirsiniz onlar əsl türk oğullarıdır.Komandirləri də bu gündən Füzuli rayonunun fəxri vətəndaşı adına layiq görülən, göstərdikləri igidliyə görə Milli Məclisin sədri İsa Qəmbər tərəfindən Milli Qəhrəman adına layiq bilinən Əzizağa Süleymanovdur. Durub yanınızda. Hamı mənə baxdı. İcra başçısı məni qucaqlayıb, təbrik etdi. Bu sözləri eşitmək hər bir komandir üçün şərəfdir. O cümlədən mən də həmin anlar şərəf hissi keçirdim. Dövlət rəhbərliyinin yanından çıxan briqada komandiri Həmidov bizə yeni döyüş tapşırığı aldığını deyərək qərargaha dəvət etdi. Biz qərargaha getdik. Briqada komandirinin müavinləri, tabor komandirləri qərargah rəisinin otağında idilər. Briqada komandiri otağa keçərək müşavirəyə başladı. Mən də bir kənarda oturdum. O ilk növbədə məni qaldıraraq ölkə rəhbərliyi və müdafiə nazirliyinin komandanlığı adından, şəxsən öz adından milli qvardiyaçıları bu günkü döyüşdə göstərdikləri igidliyə görə təbrik etdi. Artilleriya rəisi Nizami Məmmədovu qaldıraraq artilleriyaçıların düşmənə vurduğu ağır zərbələri yüksək qiymətləndirdi.Yerli tabor komandiri Əliyev Qəhrəmanı,Yapon ləğəbli Əliyev Səfanı qaldıraraq onlardan bu günkü döyüşdə rəhbərlik etdikləri taborun döyüşçülərin iştirak etməmələrinin səbəbini yazlı surətdə təqdim etmələrini tələb etdi. Məni göstərərək, gedin Əzizağa Süleymanova hamınız dua edin, qanınızın arasına girdi, yoxsa indi türmədə idiniz. Briqada komandiri Həmidov bu günki döyüşü qısa müzakirə edərək bildirdi ki, bu günki döyüşdə düşmən qüvvələri çox böyük itkiyə məruz qalıblar. Ölən və yaralanların sayı yüzlərlədir, 4 zirehli texnika və bir yük maşını içi dolu döyüşçü ilə bizim artıleriyanın hədəfinə tuş olublar.Bu məlumatlar ermən döyüşçülərinin tabor komandirlərinin öz komandanlıqlarına vurduğu radoşifaqramanın bizim rabitəçilər tərəfindən tutulub aşkar olunan mətnindən götürülüb. Həmin radoşifaqramada onlar bildirirlər ki, vəziyyətləri ağırdır. Komandanlıqlarından kömək istəyirlər. Milli Qvardiyanın Füzuliyə gəlməsindən xəbərləri var. Kəşfiyyatçıları pis işləmir. Radioşifaqramada bu məlumat öz əksin tapıb. Bu gün siz iki tabor komandirlərinin səhlankarlığı ucbatından ermənilərin tutduqları bir çox döyüş mövqelərini ələ keçirdə bilmədik. Ermənilərin canlı qüvvələrindəki çatışmazlıqdan istifadə edib, biz hücum əməliyatlarını davam etdirməliyik. 6 aprel 1993 cü il tarixində Gövşad kəndi istiqamətində hücum olacaq. Yeni hücum planını qərargah rəisi sizə təqdim edəcək. Hücuma yerli taborlarların döyüşçüləri keçəcək, Milli Qvardiya döyüşçüləri isə onlara köməklik göstərəcək, düşmənin əks hücumunun qarşısını alacaq.Döyüş əmri yazılı surətdə veriləcək. Onu da nəzərinizə çatdırım ki, Milli Qvardiya döyüşçülərinin xüsusi təyinatlı dəstəsi sabahkı döyüşdə iştirak etmək üçün artıq yola düşüblər. Bir-iki saatdan sonra burada olmalıdırlar. Dövlət rəhbərliyinin göstərişidir, nə yolla olursa-olsun sabah Gövşad kəndi azad edilməlidir.
Briqadanın qərargah rəisi sabahkı döyüş tapşırığını verəndən sonra briqada komandiri məni saxladı. O mənə bildirdi ki, sabahkı döyüşdən cox şey asılıdır. Xüsusi təyinatlı dəstəni Məngələnata dağındakı meşədə elə yerləşdirməlisən ki, nəinki düşmənin, heç bizimkilərin də xəbəri olmamalıdır. Sizin sabah tutacağınız yer erməni postlarından 150-200 metr aralıdır. Elə etməlisiniz ki, ermənilər bizimkiləri mühasirəyə salmasınlar. Əsas vəzifəniz ermənilərin bu istiqamətdə bütün hərəkətlərinin qarşısını almaqdır. Ona Milli Qvardiyanın xüsusi təyinatlı dəstənin komandirinin ayrı adam olduğunu bildirdim.O, mənə dedi ki, mənim məlumatım var. Sizin rəhbərliklə danışmışam Füzuli bölgəsində mənim sərancamıma göndərilən Milli Qvardiyanin bütün şəxsi heyyətinə sən rəhbərlik edəcəksən. Göstəriş vermişəm, gələn şəxsi heyyətin yerləşdirilməsinə Qarğabazar kəndində şərait yaradılacaq. Xüsusi dəstənin komandiri gələn kimi götür gəl yanıma. Bir də ki, səni dövlət rəhbərləri görmək istəyir. Mən xəbər verən kimi təcili gəl. Briqada komandirinə Məngələnata dağındakı döyüşçülərdən narahat olduğumu bildirdim və getmək üçün ondan icazə alıb Məngələnata dağındakı qvardiyaçılarin yanına getdim. Qvardiyaçı Əliyev Ramin kapitan Vəliməmmədovun rabitədə məni soruşduğunu söylədi. Onunla rabitə əlaqəsinə girib,Milli Qvardiya alayından 23 nəfər qvardiyaçıların Füzuli şəhərinə gəlib çatdıqlarını öyrəndim.
Həmin gün briqada komandirinin yanından aralanıb, Füzuli şəhərindən Məngələnata dağına sarı 200- 300 metr aralanmışdıq ki, Füzuli şəhəri istiqmətindən mənım xidməti maşınım olan "Uaz" markalı avtomobilə arxadan atəş açdılar. Xoşbəxtlikdən aynalı silahın gülləsi maşının arxa dəmir bortunu deşib, sürücüm Ramil Əliyevlə mənim arama, surəti azalmış halda düşdü. Hər tərəf qaranlıq olduğundan güllənı atanı görə bilmədik. Ramil maşının işıqlarını söndürüb sürəti artırdı. Rabitə vasitəsi ilə briqada komandirinə Fizuli istiqamətindən mənim maşınıma güllə atıldığı barədə məlumat verdim. O, mənə ehtiyatlı olmağı tapşırıb həmin istiqamətə əməliyyat qrupu göndərdi. Biz Füzuli istiqamətindən qalxıb Məngələnata dağına çıxdıq. Qvardiyaçılar məni gözləyirdilər. Rabitədə briqada komadiri ilə mənim danışığımı eşitmişdilər. Onlar maşını yoxlayıb, bizə atılan gülləni maşının içindən tapıb götürdülər.
Məngələnata dağında bütun postları bir-bir yoxlayıb, komandirlərə göstərişimi verəndən sonra onların silah və sursatları, ərzaq təminatları ilə maraqlanıb, gecə saat 24. 00-da Qarğabazar kəndindəki qərargaha gəldim. Kapitan Vəlimməmədov məni qarşılayıb qərargahdakı vəziyyət barədə məlumat verdi. Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsindən, başda dəstə komandiri polkovnik-leytenant Mirzəyev Ənvər Əli oğlu olmaqla 44 nəfər 6 aprel 1993-cü il tarixində gecə saat 1.00-da bizim qərargaha- Qarğabazar kəndinə gəldilər.Onlar milli qvardiya komandanının 19 saylı əmrinə əsasən Füzuli rayonunda ermənilərə qarşı gedən hərbi döyüş əməliyyatında iştirak etmək üçün gəlmişdilər...
Ardı var...