Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşının edam edilməsi dünya ictimaiyyətində ölüm cəzasının mahiyyəti və hüquqi sərhədləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin 14 oktyabr 2026-cı il tarixli açıqlamasına əsasən, Nazrul İslam Abdul Basir və Siti Akhtar adlı iki Banqladeş vətəndaşı Məkkədə edam edilib. Rəsmi məlumata görə, onlar məsciddə törədildiyi bildirilən əxlaqsız hərəkətə görə məhkəmə tərəfindən təqsirli bilinib və ölüm cəzasına məhkum ediliblər.
Hökm təzir əsasında çıxarılıb, müvafiq qaydada təsdiqlənib və icra olunub. Lakin rəsmi açıqlamada sözügedən əməlin konkret nədən ibarət olduğu, hansı məsciddə baş verdiyi və məhkəmə prosesinin təfərrüatları açıqlanmayıb. Buna görə də hadisənin dəqiq mahiyyəti barədə qəti nəticə çıxarmaq mümkün deyil. Banqladeşin Ciddədəki baş konsulluğu da edamlardan əvvəl məlumatlandırılmadığını bildirib və Səudiyyə tərəfinə rəsmi müraciət edib.
İddialara görə edam üsulunun təqsirləndirilən hər iki gəncin başının qlıncla kəsilməsi olub. Ancaq hadisənin ən mühüm tərəfi konkret əməlin ağırlığı ilə ona görə seçilən cəza arasında hansı hüquqi və mənəvi mütənasibliyin olmasındadır.
Əgər söhbət məsciddə baş verdiyi iddia edilən əxlaqsız hərəkətdən gedirsə, ölüm hökmünün hüquqi əsası nədir? Daha yüngül cəza mümkün deyildimi? Məscidin müqəddəsliyinin pozulması insan həyatının alınmasını zəruri edən əsas sayıla bilərmi?
Bu sualları vermək dini dəyərləri inkar etmək və ya məscidin müqəddəsliyinə hörmətsizlik göstərmək deyil. Söhbət dövlətin cəzalandırma səlahiyyətinin sərhədlərindən, ədalətdən, hüquqi mütənasiblikdən və insan həyatının dəyərindən gedir.
Hüququn məqsədi yalnız cinayət törədən şəxsi cəzalandırmaq deyil, həm də ədaləti təmin etməkdir. Ədalət isə cəzanın mövcudluğu ilə yanaşı, onun ağırlığının törədilmiş əməllə uyğunluğunu, vurulan zərəri və insan hüquqlarının qorunmasını da əhatə edir.
Əgər məhkəmənin araşdırdığı əməl zorakılıq, məcburetmə, insan alveri və ya qəsdən adam öldürmə deyil, başqa xarakterli bir davranış olubsa, dövlətin məhkəməsi niyə ən ağır və geri dönməz cəzanı seçib?
Məscidin müqəddəsliyi insan həyatından üstün ola bilərmi?
Məscid İslamda ibadət, dua və mənəvi təmizlənmə məkanıdır. Bu səbəbdən orada dini qaydalara zidd davranışın ciddi mənəvi narazılıq doğurması başadüşüləndir. Lakin müqəddəs məkana hörmətlə insan həyatının qorunması arasında seçim qoymaq məsələyə birtərəfli yanaşmaqdı. İslamın hüquqi və əxlaqi ənənəsində ədalət, mərhəmət və xüsusilə insan həyatının qorunması mühüm prinsiplərdir.
Əgər bir əməl dini baxımdan qadağan olunubsa, bundan avtomatik olaraq həmin əmələ görə ölüm cəzasının vacibliyi nəticəsi çıxmır. Belə nəticə üçün ayrıca hüquqi əsas, cinayət tərkibi və tətbiq şərtləri göstərilməlidir.
Məsciddə baş verməsi iddia edilən hadisəyə görə ölüm hökmünün verilməsi də məhz bu baxımdan müzakirə olunmaqdadır. Müqəddəs məkana hörmət tələbi özlüyündə məhkəmə qərarının hüquqi əsaslandırılmasını əvəz edə bilməz.
İslamda təzir nədir və hakimə hansı səlahiyyəti verir?
Səudiyyə Ərəbistanının açıqlamasında ölüm hökmünün təzir əsasında verildiyi bildirilib. Bu termin İslam hüququnda xüsusi məna daşıyır. Təzir, ümumi şəkildə, cəzası dini-hüquqi mənbələrdə hədd cəzası kimi konkret müəyyən edilməyən əməllərə görə tətbiq olunan cəza növüdür. Bu mənada hakimin müəyyən mülahizə imkanı olur. Amma təzir hakimin istədiyi cəzanı istədiyi kimi verə bilməsi demək deyil. Demək ki, müsəlman ölkəsinin hakimi İslamın əsas prinsipi olan ədalət anlayışından da kənara çıxıb.
Qurani-Kərimdə edam və öldürmə cəzası necə göstərilir?
Qurani-Kərimdə insanın öldürülməsi ilə nəticələnən cəzalar barədə müddəalar var. Ancaq müqəddəs kitabda hər bir cinayətə görə ölüm cəzası nəzərdə tutulmur və hər bir günahın cəzası eyni deyil.
Birincisi, qəsdən adam öldürməkdir. Bu halda qisas hökmü gündəmə gələ bilər. Lakin öldürülən şəxsin ailəsinin bağışlaması və təzminat qəbul etməsi də mümkündür. (Bəqərə, 178)
İkincisi, silahlı quldurluq, yolkəsənlik və insanlara qarşı ağır zorakılıq törədərək cəmiyyətdə təhlükə yaratmaqdır. Maidə surəsinin 33-cü ayəsində bu cür əməllərlə əlaqələndirilən cəzalar sadalanır. Alimlər həmin hökmün hansı əməllərə şamil olunması barədə təfsirlər veriblər.
Üçüncüsü, evli şəxsin zina etməsidir. Klassik İslam hüququnda, hədislərə əsaslanaraq, müəyyən ciddi şərtlər daxilində belə əmələ görə daşqalaq cəzası qəbul edilib. Nur surəsinin 2-ci ayəsində isə zina üçün yüz çubuq cəzası qeyd olunur. Bu hökmlərin münasibəti İslam hüququnda ayrıca izah edilir.
Dördüncüsü, İslamdan dönməkdir. Klassik İslam hüquqşünaslarının bir çoxu müəyyən şərtlərlə buna görə ölüm cəzasını qəbul edib. Müasir alimlər isə bu məsələdə fərqli fikirlər bildirirlər; xüsusilə Quranda yalnız dinini dəyişməyə görə açıq ölüm hökmünün göstərilmədiyinə diqqət çəkirlər.
Bütün bunları da nəzərə almaq lazımdır: İslamda ölüm hökmü şəxslərin özbaşına verə biləcəyi cəza deyil.
Bəs qılıncla baş kəsmək İslamın ədalətidirmi?
Qurani-Kərimdə qılıncla baş kəsmək bütün cinayətlər üçün nəzərdə tutulan ümumi və məcburi edam üsulu kimi müəyyən edilmir. Müqəddəs kitabda qisas və hirabə ilə bağlı öldürmə cəzasından bəhs edilsə də, bu, hər bir ölüm hökmünün mütləq qılıncla icra olunmalı olduğu mənasına gəlmir. Konkret edam üsulu məsələsi dini mətnlərdən əlavə, hüquqi ənənələr, dövlət qanunvericiliyi və tarixi icra təcrübəsi ilə də əlaqəlidir.
Səudiyyə Ərəbistanında insanların başının kəsilməsi, İranda isə edamların əsas üsullarından biri kimi asılmanın tətbiq edilməsi insan həyatına zidd olan qəddar cəza praktikalarıdır. Xüsusilə zorakılıqla bağlı olmayan əməllərə görə ölüm hökmünün verilməsi və bu cəzanın icrası müasir insan hüquqları prinsipləri ilə ciddi ziddiyyət təşkil edir. Heç bir din və ya qanun belə qəddarlığı ədalətli göstərə bilməz.
İslamda ədalət harada qaldı?
Qeyd edək ki, Qurani-Kərimin Bəqərə surəsinin 178-ci ayəsində qisasla yanaşı, bağışlamaq imkanı da göstərilir. Belə olan halda sual yaranır. İslam dövləti sayılan Səudiyyə Ərəbistanı Banqladeş vətəndaşlarının məsciddə törətdikləri iddia olunan əxlaqsız əmələ görə onları bağışlaya, yaxud ölüm hökmü əvəzinə şallaq və ya başqa, daha yüngül cəza tətbiq edə bilməzdimi? Əgər söhbət qəsdən adam öldürməkdən deyil, əxlaqa zidd davranışdan gedirdisə, niyə ən ağır və geri dönməz cəza seçildi?
Ayrıca İslamda ədalət anlayışı da var və Quranda ədalətə əməl etmək dəfələrlə əmr olunur. Məsələn, Nisa surəsinin 135-ci ayəsində möminlərə özlərinin, valideynlərinin və yaxınlarının əleyhinə olsa belə, ədaləti qorumaq buyurulur. Nəhl surəsinin 90-cı ayəsində isə Allahın ədaləti və yaxşılığı əmr etdiyi bildirilir. Burada mühüm bir sual yaranır. Əgər ədalət İslamın əsas prinsiplərindəndirsə, dini qaydalara zidd davranışa görə insanın həyatını almaq nə dərəcədə ədalətlidir?
Müqayisə üçün bildirək ki, bir çox xristian Avropa ölkəsində ən amansız qətllərə görə belə ölüm hökmü tətbiq edilmir. Bu ölkələrdə qatil ömürlük həbs cəzasına məhkum edilir. Dövlətin mövqeyi budur ki, ağır cinayət törədən şəxs cəzalandırılmalıdır, lakin onun həyatı da dövlət tərəfindən alınmamalıdır.
Xristianlıqda da bu mövzuya müxtəlif yanaşmalar var. Müqəddəs kitabın bəzi hissələrində ölüm cəzasından bəhs edilir, lakin müasir Katolik Kilsəsi ölüm cəzasını qəbuledilməz hesab edir. Yəni xristian ölkələrində də dini qaydaların müasir qanunlara uyğun tətbiqi zamanla dəyişib.
Qətl törətmədən də edam...
Məlumat üçün bildirək ki, bəzi müsəlman ölkələrində insanlar yalnız qətl törətdiklərinə görə deyil, başqa əməllərə görə də ölüm cəzasına məhkum ediliblər. “Amnesty International” təşkilatının məlumatlarında bunun konkret nümunələri var.
2011-ci ilin sentyabrında Sudan vətəndaşı Abdul Hamid bin Hussain bin Moustafa al-Fakki Mədinədə cadugərlik ittihamı ilə edam edilib. Amnesty International bildirmişdi ki, bu ittihamın hüquqi əsasları və məhkəmə prosesinin ədalətliliyi ilə bağlı ciddi narahatlıqlar mövcuddur.
“Amnesty International”-ın məlumatına görə, 2023-cü ildə İranda ən azı iki nəfər İslamdan dönmə və Məhəmməd peyğəmbəri təhqir etmə ilə bağlı ittihamlar əsasında edam edilib.
Təşkilatın həmin il üzrə digər hesabatında zina ittihamı ilə bir nəfərin edam edildiyi qeyd olunur. Bu, İranda tətbiq edilmiş cəza barədə məlumatdır; həmin cəzanın bütün müsəlman ölkələrində tətbiq edildiyi mənasına gəlmir.
Səudiyyə Ərəbistanında 2024-cü ildə 345 nəfər edam edilib. Onlardan 122-si narkotiklə əlaqəli cinayətlərə görə ölüm cəzasına məhkum olublar.
Amnesty International-ın 2023-cü il üzrə hesabatında İranda qətl ittihamı ilə 292, zorlama ittihamı ilə isə 22 edam qeydə alınıb. Həmin il ölkədə sənədləşdirilmiş ümumi edamların sayı ən azı 853 olub.
Bu faktlar göstərir ki, bəzi müsəlman ölkələrində ölüm cəzası qəsdən adam öldürmə ilə yanaşı, zina, dini təhqir, dindən dönmə, cadugərlik və narkotiklə əlaqəli cinayətlərə görə də tətbiq edilib. Ancaq müsəlman ölkəsində tətbiq olunan hər bir cəza avtomatik olaraq Quranın açıq hökmü sayılmır. Bəzi cəzalar Quran ayələrinə, bəziləri hədislərə və klassik İslam hüququna, digərləri isə ölkənin milli qanunlarına əsaslanır.
İslam ölkələri niyə edamdan imtina etmir?
İslam ölkələri ölüm cəzasından imtina etməkdə çətinlik çəkir. Çünki bütün İslam ölkələrinin hüquq sistemi eyni deyil. Bəzi dövlətlər dini hüquq normalarını qanunvericiliyin əsaslarından biri kimi qəbul edir, digərləri isə dünyəvi hüquqa üstünlük verir.
Dini hökmün mövcudluğu hər bir halda ölüm cəzasının tətbiqini zəruri etmir. Cəzanın hüquqi əsası, ağırlığı və daha yüngül alternativlərin mümkünlüyü də nəzərə alınmalıdır. Xüsusilə ölüm cəzası geri dönməz olduğu üçün bu məsələdə ədalət və mütənasiblik mühüm əhəmiyyət daşıyır.
Beynəlxalq hüquq ölüm cəzasına hansı məhdudiyyətləri qoyur?
BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsi hər kəsin yaşamaq hüququnu tanıyır. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 6-cı maddəsi isə ölüm cəzasının tətbiqinə ciddi məhdudiyyətlər qoyur. BMT-nin İnsan Hüquqları Komitəsinə görə, ölüm cəzası yalnız ən ağır cinayətlərə tətbiq edilə bilər və bu anlayış, əsasən, qəsdən adam öldürmə kimi cinayətlərlə məhdudlaşır.
Alçina Amilqızı, Bizim.Media