Belçika kraliçası Matilda, vəliəhd şahzadə Elizabet və ölkənin digər tanınmış qadınları süni intellekt vasitəsilə yaradılan intim görüntülərin yayılmasının qurbanına çevriliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Belçika mediası məlumat yayıb.
Məlumata görə, qadınların çılpaq təsvir olunduğu saxta görüntülər son günlər sosial şəbəkələrdə yayılıb. Zərərçəkənlər arasında Flandriyanın vitse-prezidenti Depraeter və Belçikanın keçmiş müdafiə naziri Dedonder də var. Dedonder məsələ ilə bağlı şikayət edəcəyini bildirib.
Kral sarayı kraliça və vəliəhd şahzadənin görüntülərinin internetdən silinməsi üçün tədbirlər görüldüyünü təsdiqləyib. Hadisə təsvir olunan şəxslərin razılığı olmadan yaradılan seksual xarakterli saxta görüntülər problemini yenidən gündəmə gətirib.
Avropa İttifaqında bu sahədə qaydaların sərtləşdirilməsi nəzərdə tutulur. Süni intellekt haqqında qanuna təklif edilən dəyişikliklərə əsasən, konkret şəxslərin açıq razılığı olmadan realistik intim görüntülərini yaratmaq və ya dəyişdirmək üçün nəzərdə tutulan sistemlərin qadağan edilməsi planlaşdırılır.
Qeyd edək ki, oxşar hadisə daha əvvəl İtaliyanın Baş naziri Corcia Meloninin də başına gəlib. O, 2024-cü ildə özünün təsviri ilə yaradılmış pornoqrafik saxta görüntülərin yayılması ilə bağlı işdə 100 min avro təzminat tələb etmişdi.
Bizim.Media