Fransa Prezidenti Emmanuel Makron xalqa müraciət edərək, mağazaları qarət edən və binaları dağıdan iğtişaş iştirakçılarının məsuliyyətə cəlb olunacağını və dəymiş ziyanı ödəyəcəklərini bəyan edib.
Bizim.Media xəbər verir ki, Le Monde nəşrinin məlumatına görə, dövlət başçısı bununla yanaşı, kütləvi etirazlar fonunda vətəndaşların yaşayış minimumu və yanacaq qiymətlərinin artması ilə bağlı narahatlıqlarının əsaslı olduğunu etiraf edib.
Makron bəyan edib ki, dağıntı törədənlər cəzasını çəkməli, qarət edənlər isə vurduqları ziyanı ödəməlidirlər. O, respublikanın əsaslarını sarsıtmaga çalışanların qanun qarşısında cavab verəcəyini vurğulayıb. Eyni zamanda, prezident dinc etirazçılarla iğtişaşçıları eyniləşdirməməyə çağırıb.
Dövlət başçısı yanacaq qiymətlərinin qalxmasını Fransanın iştirak etmədiyi Fars körfəzindəki hərbi münaqişə ilə əlaqələndirib. Makron ölkəyə yanacaq və qaz tədarükünü təmin etmək məqsədilə Fars körfəzi ölkələrinə səfər edəcəyini və beynəlxalq danışıqları davam etdirəcəyini bildirib.
Prezident gənclərin gələcək, təhsil və həyat şəraiti ilə bağlı dərin narahatlıq keçirdiyini qəbul edib. O, bu həftədən etibarən hökumətin tələbələr, müəllimlər, həmkarlar ittifaqları və sahibkarlarla dialoqa başlayacağını diqqətə çatdırıb.
Prefektlər və merlər şəhərləri, ictimai binaları və ticarət obyektlərini qorumaq üçün zəruri hallarda aksiyaları qadağan edə biləcəklər. Altı aydan sonra keçiriləcək prezident seçkiləri ərəfəsində Makron xalqı küçə iğtişaşları əvəzinə demokratik debatlara, birliyə və təmkinli olmağa çağırıb.
Bizim.Media