ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə həyata keçiriləcək ilk edamın tarixi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Pentaqon Texas ştatındakı Fort-Hud hərbi bazasına hücuma görə ölüm cəzasına məhkum edilmiş Nidal Malik Həsənin edamının dekabrın 3-də keçiriləcəyini açıqlayıb.
Həsənin güllələnmə yolu ilə edamı ABŞ ordusunda 1961-ci ildən bəri ilk hərbi edam olacaq. Güllələnmə yolu ilə sonuncu hərbi edam isə 1945-ci ildə həyata keçirilib.
Nidal Malik Həsən 2009-cu il noyabrın 5-də Fort-Hud hərbi bazasında atəş açaraq 13 nəfəri öldürüb, 32 nəfəri yaralayıb. O, 2013-cü ildə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd ittihamları ilə ölüm cəzasına məhkum edilib.
ABŞ Prezidenti Donald Tramp Həsənin güllələnmə yolu ilə edamını təsdiqləyib. Qərar müdafiə naziri Pit Heqsetin tövsiyəsindən sonra qəbul edilib.
Edamın Fort-Hud hərbi bazasında keçirilməsi planlaşdırılır.

Bizim.Media