Astara rayonunun dağlıq relyefə malik Hamoşam kəndi ərazisində, meşə massivindən keçən yolda hərəkətdə olan “VAZ 2121” markalı avtomobil yoldan çıxaraq təxminən 70 metr məsafədə dərəyə yuvarlanıb. Nəticədə avtomobilin sürücüsü, Reqloba kəndinin sakini, 60 yaşlı Əlikram Ağayev hadisə yerində həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) xəbərdarlığında bildirilib.
İlkin məlumata görə, hadisənin baş verməsinə səbəb kimi yolun yağışlı hava ilə əlaqədar sürüşkən olması göstərilir. Faktla bağlı araşdırma aparılır.
BDYPİ payız-qış mövsümü ilə əlaqədar oxşar hadisələrin artması ehtimalını nəzərə alaraq, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha qeyd edib.
Sürücüləri yol və hava şəraitini hər zaman diqqətdə saxlamağa, dağlıq ərazilərə səfərlər zamanı daha ehtiyatlı olmağa, avtomobillərinin texniki xarakteristikasının onun keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirməyə çağırıb.


Bizim.Media