Qırğızıstanda araşan cinsinə aid qoyun 1 milyon dollara satılıb. Heyvan 2023-cü ildə Qazaxıstanda 150 min dollara alınan Frankel adlı qoçun nəslindəndir.
Bizim.Media xəbər verir ki, Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, rekord məbləğdə sövdələşmə Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistandan fermerlərin iştirak etdiyi beynəlxalq festival çərçivəsində baş tutub. Tədbir araşan cinsinin inkişafına həsr olunub.
Araşan cinsi Qırğızıstanda 2021-ci ildə rəsmi şəkildə qeydiyyata alınıb. Onun yaradılması üzərində işlər 1970-ci illərdə Çuy vilayətindəki Maşın Sınaq Stansiyasında başlayıb. Cinsin alınması üçün Tacikistandan gətirilən hisar qoçlarından və yerli qaba yunlu qoyunlardan istifadə olunub.
Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, araşan cinsi zərif və şirəli ətin, eləcə də quyruq piyinin yüksək məhsuldarlığı ilə seçilir.
Cins yüksək dağlıq ərazilərin və vadilərdəki çöllərin şəraitinə uyğunlaşdırılıb. Qoyunlar dözümlüdür, otlaqlarda uzunmüddətli otarılmaya yaxşı uyğunlaşır və tövlədə saxlanma şəraitinə də davam gətirirlər.
Bizim.Media