Yeni iPhone 18 Pro kamera testlərində DxOMark üzrə ən yüksək nəticələrdən birini göstərib, lakin birinci yeri tuta bilməyib. Smartfon 172 xal toplayaraq qlobal reytinqdə ikinci pillədə qərarlaşıb. Birinci yeri isə 175 xalla Huawei Pura 80 Ultra tutub.
Bizim.Media xəbər verir ki, iPhone 18 Pro xüsusilə zəif işıq şəraitində çəkiliş zamanı yüksək nəticə göstərib. DxOMark bu göstəriciyə 150 xal verib ki, bu da reytinqdə ən yüksək nəticədir.
Ekspertlər yüksək detal səviyyəsini, dəqiq ekspozisiyanı və geniş dinamik diapazonu qeyd ediblər.
Əsas kameranın yeni dəyişən diafraqması da xüsusi diqqət çəkib. Apple altı lazerlə kəsilmiş pərdədən ibarət mexanizm hazırlayıb. Bu mexanizm diafraqmanı f/1.48-dən f/4.0-a qədər dəyişməyə imkan verir. Bu xüsusiyyət sahə dərinliyini artırır və xüsusilə qrup portretlərinin çəkilişi zamanı faydalıdır.
Bundan əlavə, iPhone 18 Pro mobil video çəkilişində də mövqeyini möhkəmləndirib. DxOMark ekspertlərinin bildirdiyinə görə, görüntü sabitləşdirmə hətta hərəkət zamanı da rəvan və təbii işləyir. 60 FPS formatında çəkiliş isə hərəkətin daha hamar ötürülməsini təmin edir.
Ekspertlər iPhone 18 Pro kamerasının əsas çatışmazlığı kimi teleobyektivi göstəriblər. Uzaq məsafədən çəkiliş zamanı bu obyektiv rəqib flaqman modellərindən geri qalır.
Həmçinin rənglərin ötürülməsi və ağ balansı ilə bağlı ayrı-ayrı problemlər, eləcə də foto və video üçün önizləmə görüntülərində parlaqlıq fərqləri müşahidə olunub.
Xatırladaq ki, sentyabrın 9-da Apple yeni məhsullarının təqdimatını keçirib. Əsas yenilik ilk dəfə qatlanan ekranla təchiz edilmiş iPhone olub. Flaqman iPhone 18 Pro modelləri də çoxsaylı yeniliklər əldə edib. Baza versiyasının təqdimatı isə 2027-ci ilədək təxirə salınıb.
Daha əvvəl məlum olub ki, Apple iPhone 18 Pro-nun komplektindən sənədləri çıxarıb. İndi smartfonlar yalnız şarj üçün USB-C kabeli ilə birlikdə satılacaq.

Bizim.Media