Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) uzun müddətdir gözlənilən ortaq turist vizasının yaxın vaxtlarda qüvvəyə minməsi gözlənilir.
Bizim.Media GZT-yə istinadən xəbər verir ki, bu qaydanın tətbiqi ilə turistlər tək bir viza ilə Körfəzdəki altı ölkəyə səyahət edə biləcəklər.
KƏŞ-in Baş katibi Casim Məhəmməd əl-Budeyvi uzun müddətdir gündəmdə olan ortaq turist vizasının tətbiqinə yaxınlaşıldığını bildirərək layihənin "tezliklə həyata keçəcəyini" deyib.
Əl-Budeyvi 6 sentyabrda Ər-Riyadda təşkil edilən "Təhlükəsizlik və Tarix Dialoqu 2026" iclasında verdiyi açıqlamada vizanın beynəlxalq ziyarətçilərin altı KƏŞ üzvü ölkə arasında səyahətini asanlaşdıracağını ifadə edib. Lakin vizanın konkret hansı tarixdə qüvvəyə minəcəyi ilə bağlı hələlik dəqiq vaxt açıqlanmayıb. Vizanın rüsumu, etibarlılıq müddəti və müraciət prosesinə dair təfərrüatlar da hələ paylaşılmayıb.
"KƏŞ Böyük Turist Vizası" (KIK Grand Tourist Visa) adlandırılması gözlənilən layihənin Avropadakı Şengen vizasına bənzər şəkildə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Oman və Küveyti vahid viza sistemi altında birləşdirməsi planlaşdırılır.
Ortaq turist vizası təklifi 2023-cü ilin oktyabrında KƏŞ-in turizm nazirləri tərəfindən yekdilliklə təsdiqlənib. Qayda növbəti ay KƏŞ ölkələrinin daxili işlər nazirlərinin də təsdiqindən keçib. 2025-ci ilin iyununda isə BƏƏ-nin İqtisadiyyat naziri Abdulla bin Touq Al Marri ortaq vizanın təsdiqləndiyini və tətbiq olunmasını gözlədiyini açıqlamışdı.
Sistemin əsas məqsədi beynəlxalq turistlərin eyni səyahət çərçivəsində birdən çox Körfəz ölkəsini daha rahat ziyarət edə bilmələrini təmin etməkdir. Bununla da bölgənin turizm baxımından daha inteqrasiya olunmuş destinasiyaya çevrilməsi hədəflənir. Tətbiqin reallaşdırılması istiqamətində KƏŞ üzvü olan ölkələrin daxili işlər nazirlikləri və digər aidiyyəti qurumları tərəfindən müvafiq işlər aparılır.
Əl-Budeyvi KƏŞ ölkələri arasındakı səyahəti asanlaşdırmağa yönəlmiş başqa layihələrə də diqqət çəkib. Bunlardan biri BƏƏ-Bəhreyn ortaq hava səyahəti layihəsidir. Bu sistem çərçivəsində sərnişinlər Bəhreyndən ayrılmadan öncə pasport nəzarəti prosedurlarını tamamlaya biləcəklər. Beləliklə, BƏƏ hava limanlarına çatdıqda miqrasiya nəzarət məntəqəsində eyni prosedurları yenidən keçmək məcburiyyətində qalmayacaqlar.
BƏƏ və Bəhreyn "One-Point Air Travellers" layihəsinin pilot tətbiqinə 2026-cı ilin fevralında başlayıb. İlk mərhələdə sistem Əbu-Dabidəki Zayed Beynəlxalq Hava Limanı ilə Bəhreyn Beynəlxalq Hava Limanı arasında tətbiq olunur. Sistem sərnişin məlumatlarının çatmadan öncə emal edilməsi üçün elektron əlaqə, biometrik doğrulama və elektron keçid qapılarından istifadə edir.
Lakin tək nöqtədən hava səyahəti sistemi ilə ortaq turist vizasının bir-birindən fərqli iki layihə olduğu bildirilir. İlk layihə KƏŞ vətəndaşlarının səyahət prosedurlarını asanlaşdırmağı hədəflədiyi halda, ortaq turist vizası altı üzv ölkəni ziyarət etmək istəyən beynəlxalq turistləri əhatə edəcək.
Ortaq turist vizası Körfəzdə səyahəti daha asan hala gətirməyə yönəlmiş genişkonsepsiyalı planların mühüm hissələrindən biri kimi önə çıxır. Turizm sahəsindəki təşəbbüslərlə yanaşı, hökumətlər ölkələr arasındakı bazarları, şirkətləri və insanları bir-birinə bağlayacaq nəqliyyat infrastrukturlarına və texnoloji sistemlərə sərmayə qoyurlar.
Beynəlxalq ziyarətçilər baxımından ortaq vizanın qüvvəyə minməsi hər ölkə üçün ayrı-ayrı turist icazəsi almaq məcburiyyətini aradan qaldıraraq çoxölkəli Körfəz səyahətlərini əhəmiyyətli dərəcədə asanlaşdıra bilər. (musavat.com)
Bizim.Media