Bu gün Aya münasibət artıq yalnız astronomiya, elm və kosmik tədqiqatlarla məhdudlaşmır. Ay getdikcə XXI əsrin geosiyasi rəqabətinin yeni cəbhəsinə, mərkəzinə çevrilir. ABŞ və Çin arasında formalaşan kosmik yarış, Rusiyanın bu prosesdəki iştirakı əsrimizin əsas geosiyasi mövzularından biri ola bilər.
Yarım əsr əvvəl ABŞ və SSRİ arasında kosmik yarış "Soyuq müharibə"nin texnoloji vitrini idi. 1969-cu ildə ABŞ-ın "Apollo 11" missiyası ilə Aya insan göndərməsi Vaşinqton üçün Moskva üzərində böyük siyasi və texnoloji qələbə kimi qiymətləndirilirdi.
1980-ci illərdə isə Ronald Reyqan administrasiyasının "Strateji Müdafiə Təşəbbüsü" ilə gündəmə gələn və SSRİ-də "Ulduz müharibələri" kimi tanınan layihə kosmosun hərbi qarşıdurmanın gələcək meydanına çevrilməsi ehtimalını ortaya qoydu. O vaxt bu, bir çoxlarına fantastika kimi görünürdü.
Bu gün isə vəziyyət tamam başqadır.
Süni intellekt, robototexnika, yeni nəsil raketlər, təkrar istifadə edilə bilən kosmik daşıyıcılar və özəl şirkətlərin kosmik sektora daxil olması Ayın “mənimsənilməsi”ni əvvəlki dövrlərlə müqayisədə daha real edib. Artıq əsas müzakirə mövzusu “Aya ilk kim gedəcək?” deyil, onun sərvətləri kimə nəsib olacağıdır.
1969-cu ildə ABŞ Ay səthinə insan göndərməklə əsasən siyasi və texnoloji üstünlüyünü nümayiş etdirdi. "Apollo" proqramının missiyası başa çatdı və astronavtlar Yerə qayıtdılar. İndi isə Vaşinqtonun qarşısında tamam başqa məqsəd dayanır.
ABŞ-ın Artemis proqramı Ayda uzunmüddətli insan fəaliyyətinin qurulmasını nəzərdə tutur. NASA-nın yenilənmiş planına əsasən, 2027-ci ildə Artemis III missiyası Yer orbitində texnologiyaların sınağını həyata keçirəcək. Ay səthinə yeni ekipajlı enişin isə Artemis IV missiyası çərçivəsində 2028-ci ilin əvvəlinə planlaşdırıldığı açıqlanıb. Bundan sonra məqsəd yalnız ayrı-ayrı ekspedisiyalar həyata keçirmək deyil, Ayda davamlı fəaliyyət sistemi yaratmaqdır.
NASA Ayın səthində enerji, rabitə, nəqliyyat, yaşayış və elmi tədqiqat imkanlarının yaradılması üzərində işləyir. Bu isə Apollo dövründən prinsipial fərqlənir.
Ayın cənub qütbü – gələcəyin "qızıl mədəni"
Vaşinqtonun diqqətinin məhz Ayın Cənub qütbünə yönəlməsi təsadüfi deyil. Bu ərazidə bəzi kraterlərin dibləri milyardlarla ildir Günəş işığı görmür. Daimi kölgədə qalan bu ərazilərdə su buzunun mövcudluğu müəyyən edilib.
Kosmosda su isə Yerdəkindən tamamilə fərqli strateji əhəmiyyət daşıyır. Su içməli ehtiyacların ödənilməsi ilə yanaşı, oksigen və hidrogenə ayrıla bilər. Oksigen nəfəs almaq üçün, hidrogen isə oksigenlə birlikdə raket yanacağı istehsalında istifadə edilə bilər. Bu, kosmik logistikanın bütün iqtisadi mənzərəsini dəyişə bilər.
Məlumat üçün bildirək ki, bu gün raketlərin yanacağı Yerdən kosmosa daşınır. Gələcəkdə isə Aydakı su emal edilərək yanacağa çevrilə bilər. Beləcə, Ay Yerdən Marsa və daha uzaq kosmosa gedən missiyalar üçün yanacaq və logistika bazasına çevrilmək potensialı daşıyır. Məhz buna görə Ayın Cənub qütbündəki su buzları gələcəyin ən mühüm kosmik resurslarından biri hesab olunur.
Marsa gedən yolun tramplini
Vaşinqtonun Artemis strategiyasının arxasında daha böyük hədəf – Marsın fəthi dayanır. NASA "Moon to Mars" konsepsiyası çərçivəsində Ayı insanlığın daha uzaq kosmik missiyalara hazırlaşacağı platforma kimi nəzərdən keçirir.
Ayda qurulacaq bazalar və resurslardan istifadə texnologiyaları Mars missiyalarında tətbiq oluna bilər. Burada Ayın mühüm fiziki üstünlüyü var. Onun cazibə qüvvəsi Yerdəkindən təxminən altı dəfə zəifdir. Bu isə gələcəkdə Ay səthindən kosmosa yük çıxarılmasını müəyyən ssenarilərdə daha sərfəli edə bilər. Başqa sözlə, Ay gələcəkdə Yerlə Mars arasında kosmik tranzit məntəqəsi funksiyasını daşıya bilər.
Kosmosun yeni iqtisadi modeli
Yeni kosmik yarışın əvvəlkindən ən böyük fərqlərindən biri özəl sektorun prosesə fəal şəkildə qoşulmasıdır. ABŞ artıq kosmosu yalnız dövlət layihələri ilə “fəth etmir”. NASA "SpaceX", "Blue Origin" və digər şirkətlərlə əməkdaşlıq edir. Özəl şirkətlər Ay səthinə elmi və texnoloji yüklərin çatdırılmasından tutmuş, gələcək eniş sistemlərinə qədər müxtəlif istiqamətlərdə layihələr həyata keçirirlər. Bu model gələcəkdə Ay iqtisadiyyatının formalaşmasına səbəb ola bilər.
Burada söhbət mədənçilikdən, enerji istehsalından, rabitədən, logistika xidmətlərindən, kosmik tikintidən və digər kommersiya fəaliyyətlərindən gedir. Ayın müxtəlif mineral resursları, o cümlədən helium-3 haqqında da uzun illərdir müzakirələr aparılır. Lakin onların böyükmiqyaslı kommersiya hasilatının nə zaman və nə dərəcədə iqtisadi cəhətdən səmərəli olacağı hələ məlum deyil.
Çin də boş dayanmır
ABŞ-ın Aya qayıdışını yalnız elmi maraqla izah etmək mümkün deyil. Çünki ABŞ-la paralel Çin də kosmik sənayenin inkişafında sürətlə irəliləyir.
Pekinin "Change" proqramının növbəti mərhələləri Ayın Cənub qütbünə yönəlib. Çin gələcəkdə Ayda uzunmüddətli elmi-tədqiqat infrastrukturu yaratmaq niyyətindədir. Pekin bu məqsədlə Rusiya və digər tərəfdaşlarla birlikdə Beynəlxalq Ay Tədqiqat Stansiyası – ILRS layihəsini inkişaf etdirir. Çinin planına görə, ILRS-in ilkin modelinin 2035-ci ilə qədər Ayın Cənub qütbü regionunda qurulması, daha geniş modelin isə 2040-cı illərdə inkişaf etdirilməsi nəzərdə tutulur.
Bu isə artıq ABŞ-la Çin arasında yeni kosmik rəqabətin formalaşdığını göstərir.
Bu, Soyuq müharibə dövründəki ABŞ-SSRİ qarşıdurmasından müəyyən qədər fərqlənsə də, oxşarlıqlar kifayət qədər çoxdur. Ələxüsus da, rəqabət yenə də texnologiya ilə başlayır, lakin nəticədə iqtisadi, hərbi və geosiyasi üstünlüyə çevrilir.
XXI əsrin “ulduz müharibələri”
"Ulduz müharibələri" ifadəsi Soyuq müharibənin son mərhələsində kosmosun hərbiləşdirilməsi ilə bağlı ən qorxulu ssenariləri simvolizə edirdi.
Bu gün isə kosmik rəqabətin miqyası daha da genişlənib:
- Peyklər rabitəni, interneti, naviqasiyanı, kəşfiyyatı və hərbi əməliyyatları təmin edir. Süni intellekt kosmik obyektlərin izlənilməsində və idarə edilməsində yeni imkanlar yaradır.
- Robotlar insan getmədən Ayın və digər göy cisimlərinin səthində işləyə bilər.
- Təkrar istifadə edilə bilən raketlər sayəsində kosmosa çıxış daha ucuza başa gəlir.
- Özəl şirkətlər isə əvvəllər yalnız dövlətlərin edə bildiyi layihələri həyata keçirməyə başlayır.
Yəni yarım əsr əvvəl fantastika kimi görünən texnologiyaların bir hissəsi artıq reallıqdır. Bu səbəbdən yeni kosmik yarışın təhlükəsi yalnız Ayın resurslarının bölüşdürülməsi ilə bağlı deyil. Artıq Yer orbitindəki peyklərin təhlükəsizliyi, rabitə sistemləri, kəşfiyyat imkanları və kosmik infrastruktura nəzarət də təhlükəsizlik məsələsinə çevrilir.
Kosmosun yenidən yazılan qanunları
Ay uğrunda rəqabətin ən mürəkkəb tərəflərindən biri hüquqi məsələdir. 1967-ci ildə qəbul edilən Kosmos haqqında Müqavilə dövlətlərin Ayı və digər göy cisimlərini milli ərazi kimi mənimsəməsini qadağan edir. Yəni heç bir dövlət Ayın müəyyən hissəsini rəsmən öz ərazisi elan edə bilməz.
Lakin XXI əsrin texnologiyaları yeni reallıqlar, o cümlədən suallar ortaya çıxarır: Əgər Ay heç kimin ərazisi deyilsə, oradakı resursları kim çıxara bilər?
ABŞ bu suala cavab vermək üçün Artemis Sazişlərini irəli sürüb. Sazişlər Ay, Mars və digər kosmik cisimlərdə dinc fəaliyyət, resurslardan istifadə, təhlükəsizlik və fəaliyyətlərin koordinasiyası üçün prinsiplər müəyyənləşdirməyi hədəfləyir.
2026-cı ilin avqustunun sonunda Türkiyənin də qoşulması ilə Artemis Sazişlərinin iştirakçılarının sayı 71 ölkəyə çatıb. Bu, Vaşinqtonun kosmik hüquq və əməkdaşlıq sahəsində geniş tərəfdaş şəbəkəsi formalaşdırdığını göstərir.
Yerdə başlayan rəqabət Ayda davam edəcək
XX əsrin "Soyuq müharibəsi" Yer kürəsinin siyasi xəritəsini dəyişdi. ABŞ və SSRİ arasında kosmik yarış isə həmin qarşıdurmanın ən simvolik cəbhələrindən biri idi. Bu gün isə vəziyyət yenidən dəyişir. Bir tərəfdə ABŞ, digər tərəfdə Çin-Rusiya tandemi.
Əgər XX əsrdə strateji üstünlük quru, dəniz və hava məkanına nəzarətlə ölçülürdüsə, XXI əsrdə bu siyahıya Ay və onun ətrafındakı kosmik məkan da əlavə olunur. Qarşıdakı illərdə Ayın Cənub qütbündəki bir neçə krater bəlkə də Yerdəki ən mühüm geosiyasi nöqtələr qədər əhəmiyyətli olacaq.
Çünki mübarizə Ayda məskən salmaq, resurslardan istifadə etmək, kosmik iqtisadiyyat yaratmaq və gələcəyin qaydalarını müəyyənləşdirmək uğrundadır. Yarım əsr əvvəl "Ulduz müharibələri" insanlığın kabusu idi. Günümüzdə isə kosmik yarışın texnoloji imkanları əvvəlkindən qat-qat genişdir.
Bu yarışda qalib gələn tərəf təkcə Aya deyil, Mars istiqamətində insanlığın gələcək kosmik yol xəritəsində də söz sahibi olacaq.
Anar Tahirov, Bizim.Media-nın baş redaktoru