Ukraynalı hərbi ekspert “Fleş” Rusiyanın Kiyevə göndərdiyi yüzlərlə reaktiv “Şahed”in Belarus sərhədi boyunca eyni marşrutla hərəkət etdiyinə diqqət çəkib.
Onun ehtimalına görə, dronlarda quraşdırılan LTE modemlər Belarus mobil operatorlarının baza stansiyalarına qoşularaq rabitəni təmin edib.
Bizim.Media xəbər verir ki, “Fleş” daha əvvəl də Rusiya SIM-kartları ilə işləyən “Şahed”lərin Belarus rouminqindən istifadə etdiyini bildirmişdi.
Qeyd edək ki, daha əvvəl Belarus ərazisində yerləşdirilən yerüstü retranslyatorların Rusiya tərəfindən dronların real vaxt rejimində idarə olunması üçün istifadə edildiyi iddia edilmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 19-da Aleksandr Lukaşenkoya avadanlığın söndürülməsi üçün bir həftə vaxt vermişdi.
İyunun 24-də Zelenski retranslyatorların fəaliyyətinin dayandırıldığını açıqlamışdı. Lakin indi Belarusun adi mobil rabitə infrastrukturunun da Rusiya dronlarına dəstək verə biləcəyi ehtimalı irəli sürülür.
Əgər bu versiya təsdiqlənərsə, Belarusdakı xüsusi retranslyatorlar söndürülsə belə, ölkənin mobil rabitə şəbəkəsi Rusiya dronlarının Ukraynaya hücumlarında istifadə oluna bilər.
Bizim.Media