Yerdə həyatın yaranması ilə bağlı yeni araşdırma alimlərin indiyədək qəbul etdiyi təsəvvürü dəyişə bilər. Tədqiqatçılar bakteriya və arxeyaların cansız maddədən müstəqil şəkildə canlı orqanizmlərə çevrilmiş ola biləcəyini müəyyənləşdiriblər.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərindəki Heinrich Heine Universitetinin alimlərinin “Science Advances” jurnalında dərc olunan araşdırmasına görə, həyatın yaranması prosesində bakteriya və arxeyalar eyni problemləri həll etmək üçün fərqli yollar inkişaf etdiriblər.
Alimlər bununla bağlı həmin canlıların maddələr mübadiləsində iştirak edən zülallarını araşdırıblar. Məlum olub ki, bakteriya və arxeyalarda eyni kimyəvi reaksiyaları həyata keçirən bəzi əsas fermentlər bir-birindən struktur baxımından fərqlənir.
Tədqiqatçılar hesab edirlər ki, ilk canlıların yaranmasında hidrotermal mənbələr kimi kimyəvi baxımdan aktiv mühitlər mühüm rol oynayıb. Belə yerlərdə təbii şəkildə mövcud olan metallar əvvəlcə maddələr mübadiləsini təmin edən reaksiyaları sürətləndirib.
Zaman keçdikcə ilkin hüceyrələr bu reaksiyaların bir hissəsini öz fermentləri vasitəsilə həyata keçirməyə başlayıb. Daha sonra fermentlərin sayı artıb və hüceyrələrin ətraf mühitdəki metallardan asılılığı azalıb. Nəticədə sərbəst yaşayan canlı hüceyrələr formalaşıb.
Araşdırmanın əsas nəticəsinə görə, bu proses bakteriya və arxeyaların bir-birindən ayrılmasından sonra baş verib. Yəni onların hər biri cansız maddədən müstəqil şəkildə canlı hüceyrəyə çevrilmək üçün öz yolunu keçmiş ola bilər.
Alimlər bildirirlər ki, nəticələr gələcək araşdırmalarla təsdiqlənərsə, həyatın mənşəyi ilə bağlı mövcud təsəvvürlər yenidən nəzərdən keçirilə bilər. Hazırda canlıların ümumi əcdadı bütün həyatın “kökü” kimi qəbul edilir. Yeni yanaşma isə bu “kökün” əslində iki ayrı başlanğıcdan formalaşmış ola biləcəyini göstərir.
Bizim.Media