İspaniyanın cənubundakı Qranadada avqustun 19-na keçən gecə ən azı 10 zəlzələ baş verib və və bölgədə beş gün əvvəl başlayan seysmik aktivlik davam edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Seysmik aktivlik nəticəsində binalara ziyan dəyib, onlarla sakin isə təxliyə edilib. Ən güclü zəlzələ, episentri Qranadadan təxminən 7 km cənubda yerləşən Oxixaresdə olan 3,4 maqnitudalı yeraltı təkan olub.
Bundan sonra maqnitudası 1,5 ilə 2,5 arasında olan daha 9 zəlzələ, eləcə də onlarla daha zəif təkrar təkanlar baş verib.
Hakimiyyət orqanları ehtiyat tədbiri olaraq bir çox mağazaları, kilsələri və muzeyləri bağlayıb, həmçinin dövlət müəssisələrinin fəaliyyətini dayandırıb. Çoxmənzilli yaşayış binalarından 600-ə yaxın insan təxliyə edilib.
Əndəlüs hökumətinin nümayəndəsi Antonio Sans əhali üçün birbaşa təhlükənin olmadığını bildirib.
Regionda seysmik aktivlik artıq beşinci gündür ki, davam edir. Daha əvvəlki zəlzələlər vətəndaşların yüngül xəsarət almasına və binaların zədələnməsinə səbəb olmuşdu.
Bizim.Media