Çində pilotsuz uçuş aparatlarını (PUA) səsinə görə aşkar edən və kameralar vasitəsilə tanıyan yeni antidron sistemi hazırlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə layihəni işləyib hazırlayan "Beijing Ribri Technology" şirkəti məlumat yayıb.
Şirkətin məlumatına görə, 6,4 kq çəkisi olan kompleks 48 mikrofondan ibarət akustik blokdan, həmçinin görünən və infraqırmızı diapazonlarda işləyən kameralı blokdan ibarətdir. Sistem həm kiçik "FPV" dronlarını, həm də "Shahed-136" tipli irihəcmli PUA-ları aşkar etmək qabiliyyətinə malikdir.
Qeyd olunub ki, kamera sutkanın istənilən vaxtında hədəfi 4 kilometrə qədər məsafədən yaxalamağa imkan verir.
"Ribri" şirkətindən bildiriblər ki, qurğu radardan istifadə etmədiyi üçün onu radioelektron mübarizə (REM) vasitələri ilə sıradan çıxarmaq və ya boğmaq qeyri-mümkündür. Bu yeni texnologiya hərbi obyektlərin mühafizəsi, kritik infrastrukturun qorunması və dəniz təhlükəsizliyinin təmin edilməsi üçün tam uyğundur.
Şirkət əlavə edib ki, avadanlıq tozdan və nəmdən qorunur, həmçinin ekstremal hava şəraitinə davamlıdır.
Bizim.Media