Cənubi Koreya hərbçiləri bu il ilk dəfə Şimali Koreya hərbçilərinin sərhədi pozmasına cavab olaraq xəbərdarlıq atəşi açıb.
Bizim.Media xəbər verir ki, Yonhap-ın məlumatına görə, hadisə ötən həftə bir qrup Şimali Koreya hərbçisinin iki ölkəni ayıran hərbi demarkasiya xəttini (MDL) keçməsindən sonra baş verib.
Cənubi Koreya hökumətindəki mənbənin sözlərinə görə, bir neçə Şimali Koreya hərbçisi sərhəd zonasının şərq hissəsində xətti keçib. Onların ərazidə patrul apardıqları və ehtimal ki, sərhədi təsadüfən pozduqları bildirilir.
Cənubi Koreya tərəfinin xəbərdarlıq atəşindən sonra Şimali Koreya hərbçiləri öz tərəflərinə geri qayıdıblar.
Bu, 2026-cı ildə Şimali Koreya hərbçilərinin sərhədi pozmasına görə Cənubi Koreya ordusunun ilk dəfə xəbərdarlıq atəşi açmasıdır. 2025-ci ildə isə Şimali Koreya hərbçiləri hərbi demarkasiya xəttini 17 dəfə pozublar.

Bizim.Media