İranda anomal isti hava davam edir.
Bizim.Media xəbər verir ki, ölkənin Milli Hava Proqnozlaşdırması və İdarəetmə Mərkəzinin rəhbəri Sadiq Ziyayanın sözlərinə görə, Xuzistan əyalətində yüksək temperaturun hökm sürməsi davam edəcək.
Onun sözlərinə görə, əyalət mərkəzləri arasında Əhvazda havanın temperaturunun 51 dərəcəyə çatacağı gözlənilir.
Meteorologiya Təşkilatının proqnozuna əsasən, eyni zamanda ölkənin bir sıra bölgələrində hava şəraiti qeyri-sabit olacaq. Xəzər sahili əyalətlərinin bəzi ərazilərində, Ərdəbil, Zəncan, Qəzvin, Əlborz, Tehran və Semnanda, Qərbi və Şərqi Azərbaycanın bəzi hissələrində günortadan sonra və axşam saatlarında leysan, ildırım və güclü külək ehtimal edilir.
Oxşar hava şəraitinin Hörmüzqan, Kermanın cənubu, Fars əyalətinin cənub və şərq hissələri, eləcə də Sistan və Bəluçistanın cənubunda müşahidə olunacağı bildirilir.
Bizim.Media