İran və Fransa arasında iki fransalı diplomatın İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılması və saatlarla dindirilməsi səbəbindən diplomatik qalmaqal yaranıb.
Bizim.Media xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro diplomatların vətəndaş cəmiyyətinə dəstək proqramları ilə məşğul olduqlarını bildirib və onların dindirilməsinə etiraz edib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə fransalı həmkarı ilə söhbəti zamanı Fransa diplomatlarının fəaliyyətindən narazılığını ifadə edib. O, Fransa hökumətini bu cür halların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə çağırıb.
Əraqçinin sözlərinə görə, diplomatik nümayəndəlik əməkdaşlarının davranışı qəbuledilməzdir və diplomatik normalara ziddir.
Daha sonra İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, fransalı diplomatlar milli təhlükəsizliyə qarşı cinayətlərdə ittiham olunan şəxslərlə əlaqə saxlayıblar.
Onların üzərindən ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlə bağlı sənədlərin aşkar edildiyi, həmin sənədlərin araşdırıldıqdan sonra Fransanın Tehrandakı səfirliyinə təqdim edildiyi qeyd olunub.
Bizim.Media