Cənubi Koreya hakimiyyəti Şimali Koreyaya (KXDR) itkin düşən hərbi dənizçinin axtarışı və geri qaytarılması ilə bağlı müraciət edib.
Bizim.Media xəbər verir ki, dənizçinin Yaponiya dənizindəki Şimali Sərhəd Xəttini (NLL) keçərək şimala doğru aparıldığı ehtimal olunur.
Cənubi Koreya rəsmilərinin məlumatına görə, ölkənin şərq sahillərində təhlükəsizliyi təmin edən patrul gəmisində xidmət edən matros iyulun 12-si səhər saatlarında itkin düşüb. Onun dalğanın təsiri ilə sərhəd xəttindən şimaldakı sulara aparıldığı güman edilir.
Cənubi Koreyanın Birləşmə Nazirliyi Pxenyana axtarış əməliyyatında əməkdaşlıq etmək və hərbçini "humanitar mülahizələrə görə" geri qaytarmaq çağırışı edib. Cənubi Koreyanın müdafiə naziri An Qyu Bək hərbçilərə dənizçinin ən qısa zamanda və təhlükəsiz şəkildə xilas edilməsi üçün bütün səylərin göstərilməsini tapşırıb.
Bu müraciət Prezident Li Çje Myonun KXDR ilə münasibətlərdə gərginliyi azaltmaq cəhdləri fonunda baş verir. 2025-ci ilin iyununda vəzifəyə gəldikdən sonra dialoq və etimadın möhkəmləndirilməsi kursunu götürən Li Çje Myonun təşəbbüslərinə Pxenyan hələlik cavab verməyib və Rusiya ilə əməkdaşlığı gücləndirməkdə davam edir.
Bizim.Media