Bu gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev başda olmaqla, bir sıra şəhərlərə genişmiqyaslı raket hücumu həyata keçirib.
Bizim.Media xəbər verir ki, Monitorinq kanallarının məlumatına görə, hücum zamanı Ukrayna ərazisinə 40-dan çox raket atılıb.
Onların da 20-dən çoxu ballistik raketlərdir. Hücumun əsas hədəfinin Kiyev olduğu bildirilir.
Son məlumata görə, Kiyevdə 7 nəfər həlak olub, 24 nəfər isə yaralanıb. Xilasetmə işləri hələ də davam edir.
Podolsk rayonunda 9 mərtəbəli yaşayış binasına düşən raket binanın 5-ci mərtəbədən 9-cu mərtəbəyə qədər olan hissəsini tamamilə dağıdıb. Digər rayonlarda da 19, 21 və 25 mərtəbəli binalara qəlpələrin düşməsi nəticəsində ciddi ziyan dəyib, bəzi mənzillərdə yanğınlar baş verib.
Hücum nəticəsində infrastruktur da ciddi zərər görüb.
"Ukrzaliznıtsya" (Ukrayna Dəmir Yolları) Kiyev vilayətində bəzi istiqamətlərdə hərəkəti məhdudlaşdırıb. Xarkov, Kamenets-Podolski, Dnepr və Lvov istiqamətlərində hərəkət edən qatarlarda gecikmələr qaçılmazdır. Həmçinin Fastov istiqamətində şəhərətrafı qatarların hərəkəti çətinləşib.
Hazırda fövqəladə hallar xidmətləri zərərçəkən binalarda axtarış-xilasetmə işlərini davam etdirir.


Bizim.Media