Latviyada rus dilinin ictimai və mədəniyyət sahələrində tətbiq dairəsinin tamamilə məhdudlaşdırılması istiqamətində növbəti kəskin addım atılıb. Ölkənin mədəniyyət naziri dövlətə məxsus mədəniyyət müəssisələrində rus dilindən istifadəni rəsmən qadağan edən xüsusi sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Latviyanın kütləvi informasiya vasitələri yayıb.
Yeni qərara əsasən, bundan sonra teatrlar, muzeylər, kitabxanalar və digər mədəniyyət mərkəzlərində rus dilinin istifadəsi qadağan olunur. Məhdudiyyətlər yalnız daxili ünsiyyətlə bitmir; rus dilindən beynəlxalq tədbirlərdə, rəsmi sənədləşmədə, reklamlarda və mədəniyyət müəssisələrinin internet saytlarında istifadə edilməsi də qəti şəkildə qadağan edilib.
Məlumata görə, nazirliyin bu radikal qərarına Mixail Çexov adına Riqa Rus Teatrında baş verən insident rəvac verib. Teatr əməkdaşlarının öz aralarında və ictimai məkanda rus dilində ünsiyyət qurması yerli rəsmilərlə ciddi münaqişəyə və geniş ictimai müzakirələrə səbəb olmuşdu. Baş verən qalmaqaldan sonra Mədəniyyət Nazirliyi "rus dilini ölkənin ictimai məkanından tamamilə silmək" xəttini sərtləşdirmək qərarına gəlib.
Latviya hakimiyyəti bu addımı dövlət dilinin qorunması və milli təhlükəsizlik strategiyasının tərkib hissəsi kimi əsaslandırır. Rusiya tərəfi və yerli rusdilli azlıqların nümayəndələri isə qərarı insan hüquqlarının və mədəni müxtəlifliyin pozulması kimi qiymətləndiriblər.
Bizim.Media