Mədəniyyət Nazirliyinin sistemində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) optimallaşdırma üzrə prioritet istiqamətlər müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu istiqamətlər Mədəniyyət Nazirliyinin tərəfindən Milli Məclisdə
"Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirəyə təqdim olunan "Kitabxana sisteminin optimallaşdırılması: təhlil və islahatlar" adlı hesabatında yer alıb.
Qeyd olunub ki, kitabxanaların optimallaşdırması üzrə ümumilikdə 6 istiqamət müəyyənləşib:
1. Milli qanunvericiliyin yenilənməsi: "Kitabxana işi haqqında" Qanunun (1998) müasir rəqəmsal reallıqlara əhatə edəcək şəkildə yenilənməsi.
2. Yeni infrastrukturun yaradılması: IFLA standartlarına uyğun oxu zalları, internet təminatı, rəqəmsal xidmətləri olan müasir kitabxana binalarının tikilməsi və mövcud binaların əsaslı bərpası.
3. Kitab fondunun yenilənməsi: Mövcud fondun müasir ədəbiyyatla komplektləşdirilməsi.
4. Müasir texnologiyaların tətbiqi: KOHA kitabxana idarəetmə sisteminin bütün kitabxanalarda tətbiqi, e-kataloq və e-kitabxananın formalaşdırılması, onlayn istifadə imkanlarının yaradılması.
5. Kadr hazırlığı proqramı: Müasir kadr inkişaf planı (kitabxanaçıların yenidən hazırlanması, ixtisasartırma kursları və s.).
6. Səyyar kitabxana xidməti: Bütün ziyarətçi və əhalinin ehtiyaclarına xidmət göstərəcək avtomatlaşdırılmış, fondu mütəmadi yenilənən mobil kitabxanaların yaradılması. (oxu.az)

Bizim.Media