ABŞ Senatı daha əvvəl Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş və Prezident Donald Trampı İrana qarşı hərbi əməliyyatların aparılmasında ABŞ Silahlı Qüvvələrindən istifadəni dayandırmağa çağıran birgə qətnaməni bəyənib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "The Hill" qəzeti yayıb.
Sözügedən qətnamə birgə xarakter daşıyır, yəni ABŞ Konqresinin hər iki palatası tərəfindən qəbul edilir. Bununla belə, sənəd qanun statusuna malik deyil və prezidentin imzalamasını tələb etmir.
Səsvermənin nəticələri: Respublikaçılardan sürpriz dəstək
Senatda keçirilən səsvermədə qətnamə 50 "lehinə", 48 "əleyhinə" səslə qəbul olunub. Diqqətçəkən məqam odur ki, təşəbbüsü dəstəkləyənlər arasında dörd respublikaçı senator da yer alıb: Rend Pol, Süzan Kollinz, Liza Murkovski və Bill Kessidi. Demokratlar cəbhəsindən isə layihənin əleyhinə səs verən yeganə şəxs Con Fetterman olub.
Xatırladaq ki, cari ayın əvvəlində Nümayəndələr Palatası bu qətnaməni 215 konqresmenin "lehinə", 208 konqresmenin isə "əleyhinə" səsi ilə qəbul etmişdi.
Qəzet vurğulayır ki, qətnaməyə səs verən respublikaçılar ötən həftə Senatın Beynəlxalq Əlaqələr Komitəsinin analoji layihəsinə də dəstək vermişdilər, lakin həmin sənəd kifayət qədər səs toplaya bilməmişdi.
Ağ Ev və Konqres arasında hərbi səlahiyyət mübahisəsi
Son aylarda ABŞ-da prezidentin Konqresin razılığı olmadan başqa bir dövlətə qarşı uzunmüddətli hərbi əməliyyatlar aparmaq hüququnun olub-olmaması barədə ciddi müzakirələr gedir.
Tramp administrasiyası hesab edir ki, bu məsələdə heç bir məhdudiyyət yoxdur. Lakin bir çox konqresmenlər bu cür hallarda təkcə icraedici hakimiyyətin deyil, həm də qanunverici orqanın "yaşıl işıq" yandırmasının vacibliyini müdafiə edir.
1973-cü ildə qəbul edilmiş Hərbi Səlahiyyətlər Qanununa əsasən, Konqres müharibə elan etmədiyi və ya güc tətbiqinə icazə verən xüsusi qanun qəbul etmədiyi təqdirdə, prezident hərbi əməliyyatları 60 gün ərzində dayandırmalıdır.
Qanun bu müddətin yalnız bir dəfə və maksimum 30 gün uzadılmasına icazə verir. Bu isə yalnız prezidentin ABŞ qoşunlarının təhlükəsiz şəkildə çıxarılmasını təmin etmək üçün əlavə vaxta ehtiyac olduğunu Konqresə yazılı şəkildə bildirdiyi halda mümkündür.
Hazırda ABŞ Konqresi İrana qarşı hərbi güc tətbiqini təsdiqləməyib, Ağ Ev isə belə bir icazəni almağı planlaşdırdığına dair hər hansı bir ictimai mesaj verməyib.
Bizim.Media