Kremlin mətbuat katibi Dmitri Peskov yaxın vaxtlarda Rusiya və Belarus prezidentləri Vladimir Putin ilə Aleksandr Lukaşenko arasında təmasların gözlənildiyini bildirib. Danışıqların əsas mövzularından biri Ukrayna Prezidenti Volodimir Zelenskinin son bəyanatları olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Peskovun sözlərinə görə, Lukaşenko daha əvvəl planlaşdırılan təmaslar barədə özü məlumat verib və qarşıdakı söhbət bir sıra mühüm məsələlərin müzakirəsi üçün imkan yaradacaq. O qeyd edib ki, söhbət "təcavüzkar hədələr"dən, daxili işlərə müdaxilə və suverenliyə qəsd barədə bəyanatlardan gedir.
Kreml rəsmisi Rusiyanın Belarusun öz suverenliyini müstəqil şəkildə təmin etmək qabiliyyətinə şübhə etmədiyini vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Volodimir Zelenski Belarus ərazisində guya Rusiyanın Ukraynadakı hədəflərə pilotsuz uçuş aparatlarını (PUA) yönləndirmək üçün istifadə etdiyi retranslyatorların yerləşdirildiyini iddia edib. Ukrayna lideri onların söndürülməsini tələb edərək, imtina ediləcəyi təqdirdə "cavab tədbirləri" görüləcəyi ilə hədələyib.
Bizim.Media