ABŞ rəhbərliyi beynəlxalq səviyyədə fəaliyyət göstərən və "doğuş turizmi" (baxıcıların uşağa ABŞ vətəndaşlığı qazandırmaq məqsədilə bu ölkədə doğuş etməsini təşkil edən şəbəkələr) ilə məşğul olan qruplara qarşı mübarizəni gücləndirir. Bu sxemlərdə iştirak edən və viza fırıldaqçılığına əl atan şəxslərin ABŞ vizaları kütləvi şəkildə ləğv olunmağa başlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tommi Piqott özünün "X" (Twitter) sosial şəbəkə hesabında məlumat paylaşıb.
Dövlət Departamenti rəsmisinin sözlərinə görə, "doğuş turizmi" şəbəkələrinin üzvləri və bu xidmətdən istifadə edənlər ABŞ-da tibbi xidmət xərclərinin çox vaxt yalnız kiçik bir hissəsini ödəyirlər. Nəticədə isə yaranan böyük maliyyə yükü birbaşa ABŞ-ın səhiyyə sisteminin və amerikalı vergiödəyicilərinin üzərinə düşür.
Rəsmi Vaşinqton viza müraciətləri zamanı əsl məqsədini gizlədən, saxta sənədlər təqdim edən və qeyri-qanuni şəbəkələrlə əməkdaşlıq edən əcnəbi vətəndaşlara qarşı daxili nəzarət mexanizmlərini və hüquqi sanksiyaları daha da sərtləşdirəcəyini bəyan edib.
Bizim.Media