Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Yaroslavl vilayətindəki neft bazasına və Tula vilayətinin Novomoskovsk şəhərində yerləşən "Azot" kimya zavoduna pilotsuz uçuş aparatları (PUA) ilə silsilə zərbələr endirilməsi faktını rəsmən təsdiqləyib.
Bizim.Media xəbər verir ki, Ukrayna dövlət başçısı ölkəsinin Rusiya ərazisinin dərinliklərinə yönəlmiş uzaqmənzilli zərbələr planını uğurla icra etdiyini bəyan edib.
Moskvanın müharibəni dayandırmaqdan imtina etməsinə cavab olaraq qarşıya qoyulan tapşırıqların yerinə yetirildiyini qeyd edən Zelenski bəyanatında bu fikirləri vurğulayıb
"Ukrayna Rusiya ərazisinə uzaqmənzilli zərbələr planını reallaşdırır və Moskvanın müharibəni dayandırmaqdan imtina etməsinə cavab olaraq qarşıya qoyulan tapşırıqları icra edir. Müharibənin gəldiyi yerə qayıtması tamamilə məntiqlidir. Ukraynaya sülh lazımdır".
Xatırladaq ki, ötən gün Yaroslavl vilayətinin qubernatoru neft bazasında yanacaq çəninin vurulduğunu, Tula rəhbərliyi isə sənaye müəssisəsinin ərazisinə PUA qalıqlarının düşməsi nəticəsində yanğın çıxdığını bəyan etmişdi. Ukrayna mənbələri isə hədəfin hərbi sənaye üçün mühüm əhəmiyyət kəsb edən "Azot" kimya zavodu olduğunu bildirmişdi.
Bizim.Media