Ukrayna Xarici İşlər Nazirliyi (XİN) ABŞ Milli Kəşfiyyatının ölkə ərazisində biolaboratoriyaların yerləşdirilməsi və bioloji silahların hazırlanması iddiaları ilə bağlı yaydığı məlumatlara rəsmi reaksiya verib. Rəsmi Kiyev bu iddiaları qətiyyətlə rədd edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna xarici siyasət idarəsi sözügedən hesabatı "növbəti manipulyasiya dalğası" adlandırıb.
Nazirliyin bəyanatında deyilir:
"Biz növbəti dəfə bu əsassız ittihamları rədd edir və vurğulayırıq ki, Ukrayna Bioloji və Toksin Silahlarının Qadağan Edilməsi haqqında Konvensiya (BTQK) üzrə öz beynəlxalq öhdəliklərini ardıcıl olaraq yerinə yetirir. Ukrayna tərəfi heç vaxt bioloji silahların hazırlanması, istehsalı və ya toplanması ilə bağlı hər hansı fəaliyyət həyata keçirməyib".
XİN həmçinin əlavə edib ki, ölkədəki bütün tibbi və elmi laboratoriyalar yalnız mülki məqsədlərə xidmət edir, əhalinin sağlamlığının qorunması və xəstəliklərin profilaktikası istiqamətində tamamilə şəffaf şəkildə fəaliyyət göstərir.
Bizim.Media