Estoniya hərbçiləri son iki ay ərzində Rusiya ilə sərhədin Pskov istiqamətində (cənub-şərq hissəsində) 10 kilometr uzunluğunda tankəleyhinə xəndək qazıblar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Estoniyanın "Postimees" qəzeti yayıb.
Nəşrin məlumatına görə, Estoniyanın Setomaa volostu (rayonu) ərazisində qazılan bu xəndəklərin bəzi hissələri xüsusi tankəleyhinə beton maneələrlə — "əjdaha dişləri" (dragon's teeth) ilə daha da möhkəmləndirilib.
Qeyd olunur ki, Estoniya rəhbərliyi yalnız bir müdafiə xətti ilə kifayətlənmək niyyətində deyil və zərurət yaranacağı təqdirdə əlavə müdafiə zolaqları yaratmağa hazırdır.
Xatırladaq ki, bu addımlar Baltikyanı ölkələrin regional təhlükəsizlik strategiyasının tərkib hissəsidir. Estoniya ötən ilin sonundan etibarən sərhəddə ilk bunkerlərin tikintisinə başlayıb və 2027-ci ilin sonuna qədər ölkənin şimal-şərq və cənub-şərq kəsiklərində 600-dək sığınacaq tipli istehkamın qurulmasını, həmçinin ümumilikdə 40 kilometrlik tankəleyhinə xəndəyin qazılmasını planlaşdırır.
Bizim.Media