Müasir Qərb cəmiyyəti heyrətamiz bir paradoksla üz-üzə qalıb: bəşəriyyətin fundamental bioloji mexanizmləri və kişi ilə qadın arasındakı ənənəvi romantik ittifaqlar elə bir güclü ideoloji təzyiq altındadır ki, artıq onların müdafiəsi üçün ciddi analitik manifestlər yazmaq tələb olunur.
Minilliklər boyu insan nəslinin davamlılığının təbii əsası sayılan dəyərlər, bu gün radikal və az qala inqilabi bir mövqe kimi təqdim edilir.
Bizim.Media xəbər verir ki, "Playboy" jurnalının baş redaktoru Maqdalen C. Teylor "The New York Times" qəzetində dərc olunan və böyük səs-küy doğuran "Kişiləri istəməkdə heç bir qəbahət yoxdur" adlı məqaləsində, kapitalist dünyasında cinslərarası münasibətlərin açıq düşmənçilik həddinə çatdığını açıq şəkildə etiraf edir:
"Dövrümüzdə gender münasibətləri düşmənçilik dərəcəsinə qədər yüksəlib. Ehtiraslı kişilər və qadınlar siyasi və mədəni cəhətdən bir-birindən ayrılıblar. Biz Endryu Teyt və “OnlyFans”, “ənənəvi xanımlar” (trad wives) və insellərin dünyasında yaşayırıq. Subay kişi və qadınların yarıdan çoxu özlərinə xoşbəxt ola biləcəkləri bir tərəfdaş tapmaq mövzusunda bədbindir".
Bu statistika sadəcə keçici bir romantik böhran deyil, insanları qəsdən bir-birindən ayırmaq üzərində qurulmuş və bundan böyük pullar qazanan nəhəng bir sənayenin birbaşa nəticəsidir. Teylor akademik mühitdə 2019-cu ildə formalaşmış "heteropessimizm" terminini ön plana çıxarır. Bu düşüncə tərzi insanlara heteroseksual münasibətlərin ilkin olaraq qüsurlu, dağıdıcı və "struktur baxımından ümidsiz" olduğu ideyasını aşılayır.
Müəllif qeyd edir ki, sosial şəbəkələrdə, podkastlarda və esselərdə qadınlara hər bir kişinin potensial istismarçı (abyuzer), kişilərə isə müasir qadınların tamahkar və eqoist olduğu fikri fasiləsiz olaraq yeridilir. Nəticədə cəmiyyət total tənhalığa sürüklənir, təbii hisslər isə kommersiyalaşmış surroqatlarla əvəzlənir.
Bu tendensiyanın ən dağıdıcı tərəfi isə adi görüşlərin (deytinq) partiya siyasəti ilə əlaqələndirilməsidir. Teylor bəzi müəlliflərdən sitat gətirərək qeyd edir ki, bir kişi ilə yaxınlıq etmək artıq "siyasi məğlubiyyət" kimi qəbul olunur, məşhur "Vogue" jurnalında isə sevgilinin olmasından "sosial baxımdan yöndəmsiz və qeyri-populyar" bir status kimi bəhs edilir.
Yetmişinci illərin radikal feminizminin "şəxsi olan hər şey siyasidir" şüarı bu gün qrotesk bir formaya çatıb. Bioloji norma insanda utanc və öz sosial mühitində "kifayət qədər mütərəqqi görünməmək" qorxusu yaradırsa, deməli, bir nəslin dərin ideoloji böhranından danışmaq olar.
Teylor internet miflərinə qarşı ABŞ-ın sosioloji mərkəzlərinin ("Survey Center of American Life" və "General Social Survey") quru statistikasına müraciət edir. Məlum olur ki, subay qadınların evli rəfiqələrindən daha xoşbəxt olduğu iddiasının əksinə, rəsmi nikahda olan şəxslər (həm kişilər, həm də qadınlar) özlərini qat-qat daha çox "çox xoşbəxt" adlandırırlar. Üstəlik, real ailələrdə kişilər ev işlərində tarixdə heç vaxt olmadığı qədər çox məsuliyyətli olurlar.
Dəbdə olan bu bədbinliyə qarşı Teylor "heterooptimizm" konsepsiyasını təklif edir və insanları internet müharibələrindən qaçıb reallıqdan imtina etməməyə çağırır:
"Mən risk edib bunu deyəcəm: bəşəriyyət tarixində heteroseksual münasibətləri xoşbəxt və uğurlu şəkildə yaşamaq üçün indikindən daha yaxşı bir dövr olmayıb... Biz istədiyimiz şəxs olmaq və istədiyimiz kəslə görüşmək üçün həmişəkindən daha çox azadlığa sahibik".
Lakin bu "norma"nın müdafiə olunma forması belə müasir Qərb mediasının nə dərəcədə senzuraya məruz qaldığını göstərir. Kişi və qadın arasındakı sağlam münasibətlərin faydaları barədə elementar bir həqiqəti dilə gətirmək üçün müəllif, sanki, "yumurta qabıqları üzərində gəzməyə" məcbur olur. O, məqaləsinin yarısını "#MeToo" hərəkatına, reproduktiv zorakılıq problemlərinə və maaş fərqlərinə ritual replikalar verməklə keçirir; sanki mütərəqqi ictimaiyyətdən şəxsi xoşbəxtliyi üçün icazə istəyir.
Məqalənin sonunda Teylor on illik münasibətdən sonra bu yay ailə quracağını etiraf edir və auditoriyanı kənardan diktə olunan düşmənçiliyi kənara qoymağa çağırır.
Bu manifest mədəni rolların təəccüblü şəkildə dəyişdiyini rəsmiləşdirir. Əgər qırx il əvvəl sistemə qarşı üsyan ənənəvi ailə dəyərlərindən imtina etmək idisə, bu gün tarixin çarxı tam tərsinə fırlanıb. Müasir reallıqda əsl nonkonformistlər və üsyankarlar məhz o heteroseksuallardır ki, onlar "cinslərin toksikliyi" barədə şəbəkə trendlərinə məhəl qoymamaq cəsarəti nümayiş etdirir, partnyorlarında gizli neqativlər axtarmır, ailə qurur və özlərinə xoşbəxt olmağa icazə verirlər. Təbiilik və sağlam düşüncə artıq yeni və ən çox qıtlıq yaşanan radikalizm formasına çevrilib.
Bizim.Media