Efiopiyanın Afar bölgəsindəki tektonik qırılma xətti aktiv fazaya keçib.
Bizim.Media xəbər verir ki, beynəlxalq alimlər qrupunun araşdırmalarına istinadən yayılan məlumata görə, geoloqlar ərazidə torpaq qatının anomal şəkildə yerdəyişməsini və bir-birinin ardınca baş verən güclü yeraltı təkanları qeydə alıblar.
Mütəxəssislər bildirirlər ki, bu ciddi deformasiyaya səbəb nəhəng maqmatik daykadır – yəni yüksək təzyiq altında ərimiş süxurlarla (maqma) dolmuş, təxminən 50 kilometr uzunluğunda olan şaquli yarıqdır. Yer qabığının daxildən parçalanması nəticəsində hazırda bölgədəki avtomobil yolları korlanır, su quyuları və digər mühüm infrastruktur obyektləri tamamilə sıradan çıxır.
Qeyd edək ki, Afar bölgəsi Ərəbistan, Nubiya (Afrika) və Somali tektonik plitələrinin kəsişdiyi nöqtə olaraq dünyanın ən qeyri-sabit rif zonalarından biri hesab olunur. Alimlərin uzunmüddətli proqnozlarına görə, plitələrin bu cür sürətlə bir-birindən uzaqlaşması gələcəkdə ərazinin bir hissəsinin Qırmızı dəniz və Ədən körfəzinin suları altında qalmasına səbəb olacaq.
Bu geoloji proses isə son nəticədə planetimizdə tamamilə yeni bir okean hövzəsinin formalaşması ilə başa çatacaq.
Bizim.Media