Konqonun Demokratik Respublikasının (KDR) şərq bölgələrində yayılan Ebola epidemiyasına qarşı mübarizədə erkən diaqnostika və yoluxan şəxslərlə təmasda olanların izlənməsi əsas rol oynayır.
Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə səhiyyə halları üzrə reaksiya idarəsinin direktoru Abdirrəhman Mahamud məlumat verib.
Onun sözlərinə görə, epidemiya nadir və yüksək ölüm göstəricisinə malik Bundibucio ştammı ilə əlaqədardır. İyunun 8-nə olan məlumata əsasən, KDR-də 550 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, onlardan 101-i ölümlə nəticələnib.
ÜST rəsmisi bildirib ki, 19 xəstə artıq sağalıb:
"Biz virusa nəzarət edə bilmirik. Lakin Xəstəliyin erkən aşkarlanması və vaxtında müalicə insanların həyatını xilas edir", – deyə Mahamud vurğulayıb.
Onun sözlərinə görə, yoluxma hallarının artması əsasən testlərin sayının genişləndirilməsi ilə bağlıdır. Diaqnostikanın sürətləndirilməsi məqsədilə yeni laboratoriyalar yaradılır. Bunlardan biri də İturi əyalətinin Monqbvalu şəhərində fəaliyyətə başlayıb.
Uqandada isə indiyədək 19 təsdiqlənmiş Ebolaya yoluxma halı qeydə alınıb.
Onlardan ikisi ölümlə nəticələnib, daha bir ölüm halının da Ebola ilə bağlı olduğu ehtimal edilir. Bununla belə, ölkədə infeksiyanın geniş yayılması müşahidə olunmayıb.
ÜST-ün məlumatına görə, iyunun 6-na olan vəziyyətə əsasən, KDR-in İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində xəstələrlə təmasda olmuş 5 040 nəfər nəzarətə götürülüb. Hazırda həmin şəxslərin 62 faizi müşahidə altındadır.
Mahamud bildirib ki, yaxın həftələrdə bu göstəricinin 90-95 faizə çatdırılması planlaşdırılır. O, bunun yerli əhali ilə əməkdaşlığın və səhiyyə sisteminə etimadın artması sayəsində mümkün olduğunu qeyd edib.
Bizim.Media