Rusiya Federasiyasının Müdafiə Nazirliyi gecə saatlarında ölkə ərazisinə Ukrayna tərəfindən genişmiqyaslı hava hücumunun təşkil olunduğunu bəyan edib. Rəsmi məlumata görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri gecə ərzində Ukraynaya məxsus 326 ədəd pilotsuz uçuş aparatını (PUA) səmada zərərsizləşdirib.
Bizim.Media xəbər verir ki, hücumun miqyası ilə əlaqədar olaraq Rusiyanın düz 14 regionunda eyni vaxtda raket təhlükəsi və hava həyəcanı elan edilib.
Həyəcan təbili çalınan bölgələr sırasına Sverdlovsk, Ulyanovsk, Kurqan, Tümen, Nijni Novqorod, Samara, Penza, Orenburq və Çelyabinsk vilayətləri, həmçinin Perm diyarı, Xantı-Mansi Muxtar Dairəsi (XMAO), Udmurtiya, Tatarıstan və Çuvaşıstan daxildir. Bundan əlavə, Omsk vilayətinin qubernatoru bölgədə kütləvi pilotsuz aparat təhlükəsinin rejiminin aktivləşdirildiyini bildirib.
Hücum nəticəsində Çuvaşıstanın paytaxtı Çeboksarı şəhəri birbaşa zərbələrə məruz qalıb. Yerli hakimiyyət orqanları hazırda zərərçəkənlərin və dağıntıya uğrayan obyektlərin dəqiq sayını dəqiqləşdirir. Samara şəhərində isə raket təhlükəsi səbəbindən yerüstü ictimai nəqliyyatın hərəkəti tamamilə dayandırılıb, şəhər metrosu isə əhali üçün sığınacaq qismində fəaliyyət göstərməyə başlayıb.
Moskva meri Sergey Sobyanin də paytaxt istiqamətində ciddi aktivliyin qeydə alındığını vurğulayıb. Onun sözlərinə görə, Moskvaya doğru uçan və şəhəri hədəf alan 43 ədəd döyüş dronu hava hücumundan müdafiə qüvvələri tərəfindən paytaxtın hava məkanına daxil olmadan məhv edilib.
Bizim.Media