Mərhum Uels şahzadəsi Diananın məşhur "qisas paltarı" (The Revenge Dress) ilə tədbirə qatıldığı avtomobil hərracda 66 min 250 funt sterlinqə satılıb.
Bizim.Media BBC-yə istinadla xəbər verir ki, 1994-cü ilin iyun ayında Şahzadə Diana ozamankı həyat yoldaşı Şahzadə Çarlzın televiziya müsahibəsində Kamilla Parker-Boulzla münasibətini etiraf etməsindən bir neçə saat sonra Londonda keçirilən tədbirə qatılmışdı.
Diana həmin tədbirə qara rəngli, çiyinləri açıq zərif paltarda gəlmiş və avtomobildən enərkən çəkilən görüntülər dünya mediasında geniş rezonans doğurmuşdu.
Həmin gün Diananı tədbirə aparan “Jaguar XJ40” markalı avtomobil 30 ildən artıq müddətdən sonra Cənubi Oksfordşirdə keçirilən hərracda satılıb. Hərracı təşkil edən “The Market” şirkətinin məlumatına görə, avtomobil Böyük Britaniyadan olan kolleksiyaçı tərəfindən alınıb.
Bildirilib ki, satış qiyməti avtomobilin ilkin dəyərindən 16 dəfə yüksək olub və bu, “Jaguar XJ” modeli üçün yeni rekord hesab edilir.

Bizim.Media