İsrail ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun (Steven Witkoff) və Pentaqonun siyasi məsələlər üzrə rəhbərinin müavini Elbric Kolbinin (Elbridge Colby) telefon danışıqlarını gizli şəkildə dinləmiş ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti ABŞ kəşfiyyatının hesabatına istinadən məlumat yayıb.
İddia olunur ki, İsrail Uitkoff və Kolbi ilə yanaşı, sonuncunun əsas müavinlərindən biri olan Maykl Diminonu da hədəf alaraq onun da danışıqlarını dinləməyə başlayıb.
NYT-nin qeyd etdiyinə görə, Pentaqonun Kəşfiyyat İdarəsi və hərbi kəşfiyyatın digər hesabatında İsrail tərəfindən gələn əks-kəşfiyyat təhdidinin səviyyəsinin "yüksək"dən "kritik" həddə qaldırıldığı bildirilir. Əks-kəşfiyyat və Təhlükəsizlik Agentliyinin iştirakı ilə hazırlanan sənəddə İsrailin ABŞ hərbçilərini və hökumət rəsmilərini izləmək istiqamətindəki fəaliyyətləri sadalanıb.
Nəşr yazır ki, ABŞ rəsmiləri amerikalı heyətin mobil telefonları və digər elektron cihazları qorumaq üçün, xüsusən də İsrailə səfərlər zamanı bir sıra təhlükəsizlik protokolları tətbiq etdiyini təsdiqləsələr də, detalları açıqlamaqdan imtina ediblər. İki ölkə hərbçiləri arasında əməkdaşlığın sıx olaraq qaldığı, lakin tərəflərin ən həssas məlumatları bir-birindən gizli saxlamaq məcburiyyətində olduğu vurğulanır.
İsrailin Vaşinqtondakı səfirliyinə istinadən məlumat yayan "N12" portalı isə İsrailin ABŞ-a qarşı kəşfiyyat məlumatları toplaması barədə iddiaları təkzib edib: "İsrailin kəşfiyyat fəaliyyəti müttəfiqlərinə deyil, yalnız düşmənlərinə qarşı yönəlib".
Xatırladaq ki, bu mövzu ilk olaraq "NBC" telekanalının yaydığı məlumatdan sonra gündəmə gəlib. Telekanal öz mənbələrinə istinadən xəbər vermişdi ki, Pentaqon İsrailin ABŞ-a qarşı kəşfiyyat aktivliyindən ciddi narahatdır və casusluq təhlükəsini kritik səviyyədə qiymətləndirir.
Bizim.Media