Bu gün İran İslam Respublikasında 13-cü prezident seçkiləri keçirilir.
Bizim.Media xəbər verir ki, COVID-19 pandemiyası səbəbindən səsvermə sosial məsafə və gigiyenik tədbirlər gözlənilməklə keçiriləcək. Səsvermə yerli vaxtla saat 07:00-da başlayıb və 00:00-da başa çatacaq.
İranın seçki haqqındakı qanununa görə, ehtiyac olarsa, Daxili İşlər Nazirliyinin nəzdində yaradılmış Seçki Qərargahı səsvermə prosesini gecə saat 02:00-dək uzada bilər.
İran əhalisinin 59 milyon nəfərinin səs vermə hüququ var. Bu il 1 milyon 400 min nəfər səsvermədə ilk dəfə iştirak edəcək. Bir sıra xarici ölkələrdə də seçki məntəqələri yaradılıb.
İrandan kənarda yaşayan 3,5 milyon seçici ölkə xaricində səs verəcək.
Prezidentlik postu uğrunda 4 namizəd mübarizə aparır - Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Möhsün Rzai, deputat Əmirhüseyn Qazizadə-Haşimi və Mərkəzi Bankın sabiq direktoru Əbdünnasir Himməti.
Səsverməni ilkin nəticələrinin iyunun 19-da açıqlanacağı gözlənilir. Namizədlər bərabər səs toplasalar, seçkilərin ikinci turu keçiriləcək.
Aparılan sorğuların nəticəsinə görə, 63% üstünlüklə İbrahim Rəisi xalq arasında rəğbətə sahibdir.
Bir çox ekspertlər də “İranda keçirilən prezident seçkilərindən sürpriz nəticəni gözləməyə dəyməz” deyə, qeyd edirlər.
Yəni, İranın 13-cü prezidenti İbrahim Rəisidir.
Bizim.Media