Moderator.az saytı Azərbaycanlıların mühacirət edərək, Avropada sığınacaq alması ilə bağlı vəziyyəti öyrənmək üçün Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənovun fikirlərini təqdim edir:
"Vaxtilə Almaniyada sığınacaq axtaranların bir neçə kampına baş çəkmişdim, buradan gedən Azərbaycanlıların dosyeləri ilə orada məhkəmə prosesində tanış olmuşdum. Təbii ki, vəziyyət gözlədiyimdən ağır idi. Xüsusən, buradan gedən cavan və potensialı olan gənclərin 1-2 il müddətində həmin kamplarda çəkdiyi zülmlər ürək ağrıdırdı. Dosyelər isə sadəcə gülüş doğururdu. Həmin insanların sadəlövlüyünə, öz evlərini belə satıb Avropaya nəyin bahasına olursa olsun mühacirətə getmələrinə, onlar üçün sənəd hazırlayan işbazların elementar siyasi proseslərdən bixəbər olmalarına necə ad vermək olardı?
Onların çoxu siyasi təqiblərdən uzaq insanlardır. Sadəcə, Bakıda yəqin ki, onlara dosye hazırlayanlar siyasi prosesləri izləməyi bacarır, sənədləri hazırlamağı yaxşı öyrəniblər. Bəzən müxalif siyasi partiyadan olduğunu iddia edən adamın işinin arasında hakimiyyətə yaxın partiyanın vəsiqəsinə rast gəlmək olar. Müxalif partiyanın fəalı kimi polisə çağrılan, ancaq partiyanın ünvanını və telefonunu bilməyən insanların işləri təəccüb doğurur. Avropanın humanizminə arxalanıb "təqib olunduqlarını" iddia edən, lakin həyatı real təhlükədə olan aktivistlərin kvotasından istifadə edənlərin sayı minlərlədir.
Doğrudan da Azərbaycandan gedən mühacirlərin sayı Avropada az deyil. Onların çoxu Bakıda yaranmış qarışıqlıq, həbslər, mitinqlər zamanı imkandan istifadə edib gedənlərdir. Sizi inandırım ki, real təqib olunan adamların status alması heç də uzun çəkmir. Ondan ötrü həmin adam haqqında məlumatı internetdə axtarmaq kifayət edir ki, ona məhkəmə qaydasında status verilsin. Təəssüf doğuran odur ki, insanlar statusun alınması mümkün olmadıqda belə özlərinin təqdib olunması haqqında uydurduqları nağıla inanaraq Bakıya dönməyə risk etmirlər. Onlar müəyyən müddət çətin və alçaldıcı şərtlər ilə Avropada qalmağa üstünlük verirlər.
Əgər Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya razılaşmasını imzalayacaqsa, readmissiya sazişi Aİ ölkələri ilə individual qaydada imzalanacaqsa uzun llərdir status almaq üçün gözləyən, təqib olunduqlarını sübut etməyən insanların geri qaytarılması prosesi avtomatik icra olunacaq. Avropa özünün status verilməsi prosedurlarını sərtləşdirəcək".