Azərbaycan bank sektorunda mövcud kredit və müddətli depozit portfeli üzrə faiz fərqi 2026-cı ildə yenidən genişlənib. Xüsusilə fiziki şəxslərin manatla kredit və əmanətləri arasındakı fərq sentyabrın əvvəlində 7,41 faiz bəndinə çataraq 2021-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə yüksəlib.
Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, fiziki şəxslərin manatla müddətli əmanətlərinin orta faizi 9,95%, onlara verilmiş kreditlərin orta faizi isə 17,36% təşkil edib. Beləliklə, iki göstərici arasındakı fərq 7,41 faiz bəndi olub. 2025-ci ilin sentyabrında bu fərq 6,6 faiz bəndi idi.
Başqa sözlə, bir ildə spred 0,81 faiz bəndi genişlənib.
Bu, təkcə əhali ilə banklar arasındakı pul alış-verişində deyil, şirkət və təşkilatlarla münasibətlərdə də eyni cür görünür. Manatla depozitlərin orta faizi 7%, kreditlərin orta faizi 11,81% olduğu üçün faiz fərqi 4,81 faiz bəndi təşkil edib. Bir il əvvəl bu göstərici 4,24 faiz bəndi idi. İllik artım 0,57 faiz bəndidir.
Ümumilikdə manatla müddətli depozitlərin orta faiz dərəcəsi ilin əvvəlindəki 9,44%-dən 9,16%-ə düşərkən kreditlərin orta faizi isə 15,44%-dən 15,79%-ə yüksəlib. Nəticədə bütün manat portfeli üzrə kredit-depozit spredi ilin əvvəlindəki 6 faiz bəndindən 6,63 faiz bəndinə qədər genişlənib.
Xarici valyutada isə belə genişlənmə müşahidə olunmur. Fiziki şəxslər üzrə valyuta kreditləri ilə depozitlər arasındakı fərq 1,49 faiz bəndi, hüquqi şəxslərdə isə 2,65 faiz bəndidir. Bir il əvvəl bu göstəricilər müvafiq olaraq 1,51 və 2,67 faiz bəndi idi. Yəni spredin böyüməsi əsasən milli puldakı seqmentində cəmləşib.
Səbəb nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov əmanət faizlərinin azalmasını belə izah edib:
“Əsas səbəb ölkədə iqtisadi aktivliyin azalmasıdır. Baxın, banklar əmanətləri niyə qəbul edirlər? Kredit vermək üçün. Əgər banklar kredit verə bilmirlərsə, normal müştərilər yoxdursa və ya yüksək faizlə kredit götürmək istəyənlərin sayı azdırsa, əmanətləri niyə yüksək faizlə qəbul etsinlər? Bank əmanəti ona görə cəlb edir ki, həmin vəsaiti kredit kimi yerləşdirsin.
Kredit götürən müştərilərin sayı azdırsa, yaxud yüksək faizlə kredit götürmək istəyənlər yoxdursa, bankların əmanət faizlərini artırmağa ehtiyacı qalmır. Bu, birinci səbəbdir. İkinci səbəb isə təmərküzləşmənin güclənməsidir. Bankların sayı azalmağa doğru gedir. Böyük banklar daha da böyüyür, kiçik banklar isə daha da kiçilir. Buna görə də bazarda böyük banklar diktə etməyə başlayıb. Onlar üçün də əmanət faizlərinin aşağı olması daha sərfəlidir ki, daha çox gəlir əldə etsinlər".
Surxay Atakişiyev, Bizim.Media