Bakıda ət məhsulları emalı müəssisəsindən atılan tullantıların qoxusu sakinləri təngə gətirib. Zibil konteyneri ağzına qədər dolub, amma məişət tullantıları ilə deyil, çəkilmiş, iylənmiş ətlərlə.
Bizim.Media xəbər verir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi Xavər Vəliyev küçəsində yaşayan sakinlər deyirlər ki, gözlərini hər səhər bu mənzərə və bu mənzərənin seyrinə duran itlərin səsinə açırlar.
Sakinlər deyirlər ki, müəssisə Mehrac Bağırov adlı şəxsə aiddir. Yaranmış vəziyyətlə bağlı dəfələrlə iradlarını bildiriblər, amma nəticəsi olmayıb.
Şikayətçi Faiq Bağırov isə deyir ki, ərazidən keçərkən oğlunu it dişləyib, ona quduzluğa qarşı iynə vurulub.
Obyektə yaxınlaşıb iddialarla bağlı açıqlama almaq istədik, ancaq adıçəkilən şəxs qapını açmadı, lakin sonradan telefonla bizə bildirdi ki, qonşuların şikayəti əsassızdır. Bu ünvanda toyuq əti emal olunur, onun da bütün sənədləri var. Mehrac Bağırov obyekti qanuni işlətdiyini iddia etdiyi obyektin sənədlərini isə göndərməkdən imtina etdi.
Qida Təhlükəsizliyi Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ nəzarətə götürülüb, araşdırma aparılacaq.
Sabunçu Rayon İcra Hakimiyyətindən isə qeyd edildi ki, adıçəkilən ət məhsulları emalı müəssisəsindən atılan bərk məişət tullantılarının daşınması üçün rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı İdarəsi ilə xidməti müqaviləsi var.
Müqavilə olmasına baxmayaraq, tutumlardan düzgün istifadə olunmaması səbəbindən müəssisə rəhbəri barədə cərimə protokolu tətbiq olunub.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media