Fövqəladə Hallar Nazirliyi (FHN) sel və daşqın hadisələrinə hazırlaşmaq və belə hallarda təhlükəsiz davranmaqla bağlı tövsiyələrini açıqlayıb.
FHN-in mətbuatla iş sektorundan Bizim.Media-ya bildirilib ki, sel dağlardan gələn, özü ilə çoxlu miqdarda qum, gil, çınqıl, daş və ağac parçaları gətirən qarışıq su axınıdır.
Daşqın isə dənizdə, göldə və ya çayda suyun səviyyəsinin kəskin qalxması nəticəsində ətraf ərazilərin su basmasıdır.
Əgər yaşayış ərazisi tez-tez sel və daşqınlara məruz qalırsa, yaxınlıqdakı su basmayan yüksəkliklərin yeri və həmin ərazilərə gedən ən qısa yollar əvvəlcədən müəyyən edilməlidir. Həmçinin içərisində müəyyən qədər ərzaq və su, tibbi ləvazimatlar, vacib sənədlər, pul, fənər və isti geyim olan ehtiyat çantası daim əl altında saxlanılmalıdır.
Sel və daşqın zamanı təhlükə yarandıqda və təxliyə barədə göstəriş verildikdə əvvəlcədən müəyyənləşdirilmiş təhlükəsiz əraziyə getmək və ehtiyat çantasını götürmək lazımdır.
Evdən çıxarkən qaz, su və elektrik enerjisi ümumi şəbəkədən söndürülməli, qapı və pəncərələr möhkəm bağlanmalıdır. Vaxt imkan verirsə, vacib əşyalar evin yuxarı mərtəbəsinə və ya çardağa qaldırılmalıdır. Həyətdə suyun apara biləcəyi əşyalar bərkidilməli və ya təhlükəsiz yerə yığılmalıdır. Ev heyvanlarının isə təhlükəsiz əraziyə çıxarılması təmin edilməlidir. Korlanma ehtimalı olan əşyalar zirzəmidən çıxarılaraq təhlükəsiz yerə yerləşdirilməlidir.
Evi tərk etmək mümkün olmadıqda yardım gələnədək və ya suyun səviyyəsi enənədək yuxarı mərtəbədə və ya çardaqda qalmaq tövsiyə olunur.
Gündüz taxta parçasına bağlanmış aydın görünən parça, gecə isə işıq və ya səs vasitələri ilə yardım siqnalı verilə bilər. Xilasedicilərin göstərişlərinə mütləq əməl edilməlidir.
Su basmış ərazi yalnız təcili tibbi yardım ehtiyacı yarandıqda, suyun səviyyəsi sürətlə qalxdıqda və ya xilasedicilərin gəlməsinə ümid olmadıqda müstəqil şəkildə tərk edilməlidir. Suda hərəkəti asanlaşdırmaq üçün ağır və dar geyimlər çıxarılmalı, yardım gələnədək suyun üzərində qalmağa imkan verən batmayan əşyalardan yapışılmalıdır. Suyun axını istiqamətində üzmək və qüvvəyə qənaət etmək lazımdır.
Sel və daşqından sonra su çəkildikdə evə yalnız müvafiq qurumların icazəsindən sonra qayıtmaq olar.
Evə qayıtdıqdan sonra qaz və elektrik təchizatı sistemlərinin sazlığına əmin olmadan onları işə salmaq olmaz. Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün sel və daşqın sularının gətirdiyi tullantılar mümkün qədər tez təmizlənməlidir.
İçməli su mənbələrindən isə yalnız müvafiq sanitariya yoxlamasından sonra istifadə edilməlidir.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 5-də yaydığı xəbərdarlığa əsasən, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi çaylarında qısamüddətli daşqın və sel keçməsi ehtimalı var.
Bizim.Media