Yağışlı və rütubətli payız günlərində avtomobillərin şin təzyiqini düzgün seçməmək təkərlərin yerlə təmasına, əyləcləmə zamanı sürüşüb-sürüşməməsinə birbaşa təsir edə bilər. Bu günə qədər şin üçün universal 2 atmosfer götürülürdü. Mütəxəssislər isə deyirlər ki, doğru təzyiq avtomobilin modelindən və yükündən asılıdır.
Avtomobil üzrə mütəxəssis Aydın Səfərov Bizim.Media-ya belə izah etdi ki, payızda təkər təzyiqi adi vaxtlara nisbətən daha nəzərəçarpacaq dərəcədə dəyişir.
MÖVZU İLƏ BAĞLI:
Bazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə adı ilə satılır – XƏBƏRDARLIQ
Məsələn, səhər saatlarında, təkərlər hələ soyuq olarkən, təzyiqölçən cihaz başqa bir şey göstərir, uzunmüddətli sürüşdən sonra isə yüksəlir.
“Şəhər mühitində adi sürüş zamanı B və C kateqoriyasında təzyiqin təxminən 2,2 bar olması tələb olunur. Amma əgər salonda sərnişinlər varsa və baqaj ağır əşyalarla doludursa, təzyiqin daha yüksək – 2,4-2,8 bara çatdırılması lazım gəlir. Belə yüklənmə zamanı arxa təkərlər çox vaxt ön təkərlərə nisbətən daha yüksək təzyiqlə doldurulur. Amma yük boşaldıldıqdan sonra standart təzyiqə qayıtmaq məqsədəuyğundur.
Çünki həddindən artıq şişirdilmiş təkərlərlə boş avtomobili idarə etmək problem yarada bilər. Xüsusən tramplinlərin çox olduğu yerlərdə sərt təkanlar olur, dönmə manevrləri çətinləşir. Hətta cüzi bir artıqlıq belə avtomobilin idarəolunmasına təsir göstərə bilər”.
Mütəxəssis bildirdi ki, əgər təzyiq aşağıdırsa, təkər hər dövrə zamanı daha çox əyilib deformasiyaya uğrayacaq. Yanacaq sərfiyyatı artır və rezin daha tez qızır. Zaman keçdikcə şin daha çox yeyilir. Nahamar yollarda təkər zərbələri zəif udur, bu da təkərlə bərabər diskin də zədələnməsi riskini artırır.
Şəfiqə Şəfa, Bizim.Media