Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.
Bizim.Media xəbər verir ki, 1 noyabr 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək.
Reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılacaq. Bu isə 50 faizə yaxın artım deməkdir.
Yeni reyslərin istifadəyə verilməsi sayəsində sərnişinlər üçün daha aşağı büdcəli səyahət imkanları təqdim ediləcək. Belə ki, əlavə reyslərdə standart sinif (əvvəlki plaskart vaqonlar) üzrə biletlərin qiyməti 36 AZN-dən başlayır.
Yeni aşağı büdcəli səyahət seçimi ilə sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 54 AZN, Yevlaxdan 44 AZN, Gəncədən 41 AZN, Ağstafadan 38 AZN, Böyük Kəsikdən Tbilisiyə isə 36 AZN təşkil edir.




Bizim.Media